"Zəkat" kəlməsi lüğətdə təmizləmək, çoxalmaq və bərəkətlənmək kimi mənalar verir. Zəkat ibadətini qısaca bu cür tərif edə bilərik: "Zəkat müəyyən bir malın müəyyən bir hissəsini müəyyən yerlərə verməkdir". Zəkatın fərz buyurulması həm Qurani-Kərimdə, həm də hədislərdə açıq-aşkar bildirilmişdir. Uca Allah Qurani-Kərimdə altı yerdə "…namaz qılın, zəkat verin…" deyə buyurmaqdadır.
Quranda "zəkat" kəlməsi 28 yerdə müstəqil olaraq, 34 yerdə isə namaz ilə birliəkdə zikr edilmişdir. Bu xüsus, zəkatın fərd və cəmiyyət üçün nə qədər böyük bir önəm daşıdığını bizlərə göstərməkdədir. Bəqərə surəsinin 277-ci ayəsində belə buyurulur:
"İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər".
Zəkat verməyin dünyadakı qarşılığı etimad, bolluq, bərəkət və əmin-amanlıq, axirətdəki qarşılığı isə cənnətdir. Dünyada xoşbəxt və rahat yaşamaq istəyənlər, əgər varlıdırlarsa, zəkatlarını əksiksiz verməlidirlər. Zəkatı verməyən müsəlmanlar qazandıqlarının xeyrini görə bilməzlər. Həm Allah dərgahında, həm də bəndələrin qarşısında cavabdeh olarlar.
Hörmətli müsəlmanlar!
Zəkat ilk baxışda malı azaldır. Lakin ağacların budaqlarını budadıqda meyvələr daha bol və çürüksüz olduğu kimi, zəkat da qazanılan malı bir sıra pis nəzərlərdən qoruyur, artırır və daha bol olmasını təmin edir. Bu səbəbdən də, hər il öz var-dövlətinin hesabını apararaq sistemli şəkildə zəkatını verən müəslmanların var-dövləti qat-qat artır.
Zəkat xəsisliyin önünü alır, insanların səxavət damarlarını coşdurur, xeyir qapılarını açır, mülkiyyəti saflaşdıraraq təmizləyir. Mal və sərvət düşmənlərinin azalmasını təmin edir, mükəmməl bir sosial etibar mühiti formalaşdırır, iqtisadi inkişafa daha böyük ölçüdə təkan verir.
Zəkatın fərz olmasının şərtləri vardır. Bu şərtlər aşağıdakılardır: Müəyyən miqdarda var-dövlətin olması, illik adi tələbat istisna olmaqla, malda artımın olması, həmin malın üstündən bir ilin keçməsi, ağıllı olmaq, həddi-büluğa çatmış olmaq və müsəlman olmaq.
Adi tələbat dedikdə bunlar nəzərdə tutulur: İçində yaşadığımız normal bir ev, adi ev əşyaları, normal bir minik və ya şəxsi avtomobil, güzəranı təmin etmək üçün bir dükan və ya bir obyekt, əmək alətləri, yeyim və geyim xərcləri, uşaqların hər cür məktəb xərcləri, səyahət xərcləri, müalicə xərcləri, kitablara xərclənən vəsait, xidmətçi məsrəfləri və s.
Həddi-büluğa çatmayan uşaqların zəkatını onların adından onların müvəkkilləri verə bilərlər.
Alan əl deyil, verən əl olaq. Cəmiyyətimizdə ehtiyacı olan insanlara zəkat, fitrə və sədəqələrimizi verərək dəstək olaq. Beləcə həm nəfsimizi təmizləyək, həm də malımızı.