Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “beyin mərkəzləri”nin “İƏT ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda III forumu başlayıb.
APA-nın məlumatına görə, iki gün davam edəcək forumun təşkilatçıları Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türk-Asiya Strateji Tədqiqatlar Mərkəzidir (TASAM).
Tədbirin açılışında Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezident İlham Əliyevin forum iştirakçılarına təbrikini oxuyub. Daha sonra çıxış edən akademik Ramiz Mehdiyev bu gün bütün dünyanın üzləşdiyi təhdid və çağırışlara qarşı durmağın zəruriliyini qeyd edib. Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurlara toxunan PA rəhbəri bildirib ki, ölkəmiz ilsam dünyasının bir hissəsidir və insani dəyərləri bölüşür. O son illər Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu deyib: “2005-ci ildən başlayaraq insan inkişafı reytinqində Azərbaycan 169 ölkə sırasında 34-cü pilləyə yüksəlib və ən yaxşı inkişaf edən ölkələr siyahısına daxil olub. Azərbaycanda yoxsulluğun səviyyəsi 4 dəfə azalıb, büdcənin həcmi artıb. Bu il ölkəmizin büdcəsi 22 milyard dollar təşkil edib. Beynəlxalq böhranın təsiri nəzərə alsaq, bu, qeyri-adi hadisədir. Azərbaycan qeyri-neft sektorunun, innovasiya mühitinin inkişafına böyük önəm verir”.
Qeyd edək ki, forumda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, TASAM başqanı Süleyman Şensoy, rəsmi şəxslər, İƏT ölkələri “beyin mərkəzləri”nin rəhbərləri, elm xadimləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, yerli və xarici ekspertlər iştirak edirlər.