Ötən il mayın 6-da keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunan Tərlan İsmayılov və Cəlilabad rayonunda hicaba qoyulmuş qadağaya etiraz zamanı həbs olunmuş ruhani Həsən Məmmədov bu gün 16 nömrəli həbsxanadan azadlığa buraxılıblar.
SalamNews islam-azeri.az saytına istinadən xəbər verir ki, mayın 6-da keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunanlardan Abdullayev Mais Firuz oğlu da dünən adı çəkilən həbsxanadan çıxıb.
Tərlan İsmayılov və Mais Abdullayev 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyası zamanı tutulmuşdu. İlahiyyatçı Həsən Məmmədov isə 2010-cu ilin dekabrında Cəlilabadda aşura mərasimi zamanı həbs olunmuşdu. Hər üç dindar cəzalarının çəkilməmiş hissələrindən vaxtından əvvəl azad olunublar.
T.İsmayılov və M.Abdullayev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə, H.Məmmədov isə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə həbs cəzası almışdı. Lakin bu ilin yanvar ayında Ali Məhkəmə ilahiyyatçının cəzasını 2 il müddətinə azaltmışdı.