Türkiyə Böyük Millət Məclisi ali təhsil müəssisələrində baş örtüyündən (türban) istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyi təklifini birinci oxunuşda qəbul edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, 13 saat davam edən müzakirələr çox gərgin şəraitdə keçib və kəskin mübahisələrlə müşayiət olunub.
549 millət vəkilindən ibarət parlamentdə 340 yerə sahib olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə 70 yerə sahib olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanan dəyişiklik təklifinin 1-ci maddəsinin lehinə 401, əleyhinə 110 nəfər səs verib. 98 millət vəkili olan Cümhuriyyət Xalq Partiyası (CXP) ilə 13 deputatı olan Demokratik Sol Partiyanın (DSP) müqavimətinə baxmayaraq, Konstitusiya dəyişikliyi üçün 330 səs tələb olunduğundan təklif qəbul edilib. Təklifin 2-ci maddəsi lehinə 404, əleyhinə 99 səslə, 3-cü maddəsi isə lehinə 404, əleyhinə 92 səslə qəbul edilib. Səsvermənin ikinci turu fevralın 9-da olacaq.
Qeyd edək ki, AKP və MHP-nin hazırladığı təklifdə Konstitusiyanın 10-cu və 42-ci maddələrinə dəyişiklik edilməsi nəzərdə tutulur. 10-cu maddə hər kəsin qanun qarşısında bərabər hüquqlara malik olması barədədir. Bu maddədə qeyd olunan "Dövlət orqanları və idarələri bütün fəaliyyətlərində qanun qarşısında bərabərlik prinsipinə uyğun hərəkət etmək məcburiyyətindədir" cümləsinə aşağıdakı əlavə təklif olunur: "Dövlət orqanları və idarələri bütün fəaliyyətlərində və hər cür ictimai imkanlardan yararlanılmasında qanun qarşısında bərabərlik prinsipinə uyğun hərəkət etmək məcburiyyətindədir". Burada "ictimai imkanlardan yararlanılması" deyilərkən başı örtülü qızların ali təhsil müəssisələrinə daxil olması nəzərdə tutulur. Konstitusiyanın 42-ci maddəsi isə təhsil hüququndan bəhs edir. 42-ci maddənin birinci bəndində yazılıb: "Kimsə təlim-təhsil hüququndan məhrum edilə bilməz. Bu hüququn əhatə dairəsi qanunla təsbit edilir və müəyyənləşdirilir". Təklif olunan əlavə və dəyişiklik aşağıdakı kimidir: "Kimsə qanunda açıq yazılmayan heç bir səbəblə təlim-təhsil hüququndan məhrum edilə bilməz. Bu hüququn əhatə dairəsi və istifadəsinin sərhədləri qanunla təsbit edilir və müəyyənləşdirilir".
Əlavə edək ki, Cümhuriyyət Xalq Partiyası Konstitusiya dəyişikliklərinin parlamentdən keçməsindən sonra bu dəyişiklik və əlavələrin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.