Amerika seçki ərəfəsindədir. Adətən seçki ilində bir çox ictimai tendensiyalar özünü daha qabarıq büruzə verir. Bu hal o cümlədən ictimai mərəzlərə də aiddir. Gözlənildiyi kimi, bu seçkilərdə ictimai mərəzin günümüzdə ən bariz nümunələrindən sayılan islamofobiya mərəzi özünü göstərir.
2007-ci ilin avqustunda "Pyu" Elmi-Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuya əsasən Amerika əhalisinin 45 faizi ölkə prezidentinin müsəlman olmasını istəmir. Müqayisə üçün deyək ki, sorğuda iştirak edənlərin 25%-i mormon namizədə, 11%-i isə yəhudi namizədə səs vermək istəməzdi. TAM-ın (The American Muslim) analitiki Malik Mucahid bildirir ki, islamofobiya hazırkı prezident seçkisi kampaniyasında qorxu siyasətini alovlandırır. Hətta baxmayaraq ki, bəzi namizədlər bəlkə də heç zaman digər qruplar əleyhinə çıxışlar etməyəcəkdilər, indiki halda onlar çox radikal fikirlər səsləndirir. "Xristian Sayens Monitor"un (Christian Science Monitor) yaydığı məlumata görə, Bostonda yerləşən Şimal-Şərq Universitetinin "nifrətli çıxışlar" üzrə eksperti Cek Levinin dediklərinə əsasən, bu gün mövcud olan antimüsəlman ovqat II dünya müharibəsi zamanı amerikalıların yapon mənşəli amerikalılara olan münasibətinə çox bənzəyir. TAM-ın müşahidələrinə əsasən, seçki dövründə yol verilmiş islamofobiya təzahürləri aşağıdakı kimidir:
Rudolf Culiani
Rudolf Culianinin seçki kampaniyası Nyu-Hempşirdəki könüllülərə cəsarət verdi ki, onlar müsəlmanları "divanə, ağılsız" adlandırsın və müsəlmanlar barədə "onları öz mağaralarına geri qovmaq lazımdır" kimi ksenofob çağırışlar etsin. Bu kampaniya elə aparıldı ki, onlar hətta məşhur islamofob Daniel Paypsı da bu işə cəlb etdi. Payps deyir ki, "amerikalı müsəlmanlar amerikalı yəhudilərə həqiqi təhlükə olacaq". O, dəfələrlə fələstinlilər əleyhinə hərbi cinayətlər törətməyə çağırıb və İsraildən istəyirdi ki, onlar kütləvi cəza kimi Fələstin kəndlərini yerlə-yeksan etsin.
Mayk Hakabi
"Mən "onları ayırmaq lazımdır" deyəndə onu bildirmək istəyirəm ki, bir müşahidə edin, burada Pakistandan olan qeyri-leqal gəlmələrin digər millətlərdən fərqli olaraq sayı yaman çoxdur, yalnız cənub tərəfdən gələnləri çıxmaq şərtilə"- deyə Mayk Hakabi bildirir. Hakabinin Ayova ştatında olan meneceri terrorla müharibəni "teoloji müharibə" adlandırır.
Mit Rumni
Noyabrın axırı Las-Veqasdan olan xeyriyyə məqsədləri üçün fond toplayan Mit Rumni deyir ki, o, təsəvvür edə bilmir ki, öz administrasiyası müddətində onun nazirlər kabinetində çalışan müsəlmanların sayı ABŞ-da yaşayan müsəlmanların faizlə say nisbətinə uyğun olsun. Burada məsələyə xüsusi istehza verən məqam ondadir ki, Rumninin də aid olduğu marmon xristianları qrupunun ABŞ-da sayı elə müsəlmanlarin sayı ilə eynidir.
Con Makkeyn
Con Makkeyn Rumninin söylədiklərinə Si-Bi-Es kanalında şərh verərkən deyir: "Bu, tamamilə yalnışdır". Lakin Makkeyn sonra müsəlmanlarla bağlı sualda ilişir. Sentyabrda beliefnet.com internet saytı ondan bir müsəlmanın prezidentliyə namizəd olmasının ehtimalı haqqında soruşduqda cavab vermişdi ki, xristian inanclı prezidentə üstünlük verir, belə ki, bu millət xristian millətidir. Lakin Makkeyn daha sonra saytla əlaqə saxlayaraq bildirib ki, əgər bir müsəlman öz namizədliyini irəli sürsə, kişi və ya qadın olmasına fərq qoymadan o, həmin namizədə səs verə bilər.
Barak Obama
Senator Barak Obama islamofobiya yarışının sonuna təsadüf edir, halbuki o, müsəlman deyil. Namizədlərdən biri olan Hillari Klinton Ayova ştatında olarkən Obama və İslam haqqında şayiələr "eşitdi". Klintonu dəstəkləyən Nebraskanın keçmiş senatoru Bob Kerri qeyd edir ki, o, Obama ilə bağlı ilginc bir faktı aşkarlayıb. Belə ki, əslində Barakın tam adı Barak Hüseyn Obamadır, onun atası müsəlman və ata nənəsi də müsəlman idi. Daha sonra Kerri deyir ki, əslində "Obama onu çox da narahat etmir, belə ki, o, dünyəvi mədrəsədə təhsil alıb". Obama öz nəsil məsələlərində çox diqqətlidir və çox reaksiya vermir. Lakin onun xanımı Çikaqoda keçirilən xeyriyyə tədbirinin təşkilatçılarına üz tutaraq bildirmişdir ki, "Obama müsəlman deyil. O, terrorçu deyil". Daha sonra Obama bu dözümsüz ifadəyə bir açıqlama verməyin lazım olmasını hiss edərək qeyd edir ki, o, özü xristiandır, lakin müsəlman olmaqda da heç bir problem görmür. TAM-ın analitiki Malik Mucahid bildirir ki, bu, həll olunmalı məsələdir. Belə ki, islamofobiyanin belə geniş vüsət almasının dayandırılmasının yeganə yolu - bunu hiss edən müsəlmanlar və digər vicdanlı amerikalılar tərəfindən gərəkli addımların atılmasıdır. Bu o deməkdir ki, ən azı yuxarıda adı çəkilən namizədlərin seçki kampaniyaları ilə birbaşa, telefonla və ya e-mail ilə əlaqə saxlamaq və öz narahatçılığını bildirmək lazımdır. Məsələ ilə bağlı "Dəyərlər"in sualını cavablandıran DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirdi ki, bu mərəz Qərb insanını müsəlmanlardan heç də az narahat etməməlidir: "Belə ki, qloballaşan dünyada birisinə qarşı olan bu kimi rəftarın hamıya qarşı, özü də tez bir zamanda bumeranq kimi qayıtması acı bir reallıqdır. Artıq bu gün sıravi amerikalılar öz gündəlik həyatında bunun ağır fəsadlarını hiss edir. Hər halda çıxış yolu islamofobiya mərəzinin əmələ gəlməsini asanlaşdıran şəraiti qabaqlayıcı profilaktik tədbirlərlə, xüsusən də maarifçiliklə önləməkdir". Təhlilçilərin ümumi qənaətinə görə, islamofobiya əsrimizin ən ciddi fəsadlar doğuran mərəzlərindən birinə çevrilib və bunun qarşısı alınmasa, onun verəcəyi zərər və fəsadlar sürətlə artacaq. (Dəyərlər)