Moskvada Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilib
Moskvada Xocalı soyqırımının anım mərasimi keçirilib
APA-nın Moskva bürosunun məlumatına görə, “Radisson” otelində keçirilən mərasimdə Avropalı kinomatoqraflçılar tərəfindən onların öz təşəbbüsü ilə “Dinc Qafqaz” beynəlxalq layihəsi əsasında çəkilmiş sənədli filmin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, bir sıra dövlətlərin diplomatik missiyasının başçıları, Rusiyada fəaliyyət göstərən müxtəlif dövlətlərin diaspor təşkilatları, ictimai xadimlər və jurnalistlər iştirak ediblər.
Təqdimatda çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, bu gün Azərbaycan xalqı üçün çox ağır bir gündür: “Xocalıda 20 il əvvəl baş verənlər daima bizim yaddaşımızda, ürəyimizdə qalacaq”. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, “AMOR” gənclər təşkilatının sədri, “Xocalıya Ədalət” hərəkatının rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, Leyla Əliyeva bütün dünyada Xocalı faciəsi haqqında məlumatın olması üçün bizim dövlətlərin gənclərini bu aksiyaya yönəltməklə çox əhəmiyyətli iş görüb: “Çünki heç bir xalq, millət bu cür faciənin geniş ictimaiyyətə çatdırılmamasını özünə bağışlaya bilməz”. Filmin Litvadan olan baş prodüseri Andrius Brokasd çıxışında filmin 5 dildə təqdim olunduğunu söyləyib: “Filmin ideyası öz tərəfdaşlarını çox tez tapıb”. Ötən il “Xocalıya Ədalət” hərəkatı ilə tanış olandan sonra sənədli filmin siqnal təqdimatını bu gün etmək qərarına gəldik. Lakin filmin dünya miqyasında təqdimatı 6 aydan sonra baş tutacaq”.
O, sənədli filmin Avropadan Litva, Böyük Britaniya, Finlandiya və Estoniyadan olan kinomatoqrafçılarının birgə əməkdaşlığı nəticəsində çəkildiyini bildirib.
Filmin təqdimatından sonra çıxış edən Xocal hadisələrinin şahidi jurnalist Riçardis Lapatis taleyin hökmü ilə 90-cı illərin əvvəllərində Qafqazda baş verən faciəli hadisələrin şahidi olduğunu söyləyib. O, dəhşətli hadisələrin şahidi olarkən və öz gündəliyində Xocalı ilə bağlı qeydlər aparakən vaxt keçdikcə o hadisələrə qayıtdığını və həqiqəti tapmaq üçün öz-özünə sual verdiyini söyləyib: “Niyə, nə üçün, kim, nəyə görə bu hadisələri törədib? Belə alındı ki, mənim həmyerlilərim kinomatoqrafçılar mənim qeydlərimlə maraqlandılar və həmin hadisələr haqqında film çəkmək qərarına gəldilər. Adətən belə yerlərə getməzdən əvvəl kütləvi informasiya vasitələrində məlumatlarla tanış olursan. Hərdən sənə elə gəlir ki, sən artıq lazım olan qədər məlumatı almışsan və sən hər şeyi bilirsən. Qafqaz hadisələri başlayanda Baltikyanı ölkələrdə erməniləri dəstəkləyirdilər və onların tərəfində idilər. Bunu açıq deyə bilərəm. Ümumi fikirlər KİV-lərin yazdıqları nəticəsində formalaşırdı. Lakin əməldə bu heç də belə olmadı. Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli cinayətlərindən biridir. Təkcə ümid var ki, bu kimi hadisələrin qarşı alınacaq və günahkarlar ədalət mühakiməsinə veriləcək. Biz bu filmlə ədalətli və dürüst olmağa cəhd etdik”.
Sənədli filmin təqdimatından sonra azərbaycanlı məktəblilərin əl işlərindən ibarət olan “Müharibə uşaqları” adlı sərgi baş açılıb.