“Biz Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət, Ermənistanı dövlət kimi tanımayan üç ölkədən biriyik”
“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub. Eyni zamanda Ermənistanı rəsmən dövlət kimi tanımayan 3 ölkədən biridir. Həm Pakistan, həm Azərbaycan təcavüzə məruz qalıb”. APA-nın məlumatına görə, bu fikirləri Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan bildirib.
Komitə sədri Bakıda keçirdikləri mətbuat konfransında qeyd edib ki, bu gün Pakistanın Kəşmir, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: “Kəşmir əhalisinin azadlığa qovuşması hüququ ilə bağlı BMT tərəfindən qətnamə qəbul edilib. Biz bu məsələ uğrunda mübarizə aparırıq. Hindistanla bununla bağlı 4 dəfə müharibə aparmışıq. Düşünürük ki, bir daha müharibə aparmağa lüzum yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələri mövcuddur. Pakistan bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Dünən bir xəbər aldıq ki, Fransa Konstitusiya Məhkəməsi Azərbaycan və Türkiyənin mənafeyini müdafiə edən qərar qəbul edib”.
Səlim Seyfulla Xan qeyd edib ki, məhz Senat sədrinin müavini Mir Can Məhəmməd Xan Cəmalinin səyləri nəticəsində Senatın xarici əlaqələr komitəsində Xocalı soyqırımı barədə qətnamə qəbul edilib: “Pakistan Senatında 12 siyasi partiya təmsil olunur və bu qətnamə yekdilliklə qəbul edilib. Bizim parlament sistemində hansısa komitədə yekdilliklə qəbul edilmiş qətnamə Senatın ümumi qətnaməsi kimi qəbul edilir”.
Komitə sədrinin sözlərinə görə, ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir: “İqtisadi cəhətdən ölkələr bir-birlərinə o qədər də yaxın deyillər. Biz görüşlərdə bu məsələləri müzakirə edirik. İqtisadi, mədəni, KİV sahəsində əlaqələrin inkişaf etdirilməsi mümkündür. Cənab prezident bu sahədə görüşlərin keçirilməsinə tapşırıq verib”.