Ali Məhkəmədə “Əl-Qaidə”, “Hizbullah” təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi idarəsi ilə əməkdaşlıq edərək, Azərbaycanda bir sıra terror aktları törətməyə cəhddə ittiham olunan dəstənin üzvü Əfqan Balaşovun kassasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb. Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra hökmdən apellyasiya şikayəti verilib. Lakin şikayət təmin olunmayıb.
İttiham aktına görə, 6 nəfərdən ibarət olan dəstə ABŞ, İsrail və digər Qərb dövlətlərinin siyasətinə təsir göstərmək məqsədilə din uğrunda silahlı mübarizə aparmaq, cihad etmək qərarına gəliblər. Onlar özlərində olan silah-sursatdan istifadə etməklə İsrailin Azərbaycandakı səfirliyinə müxtəlif istiqamətlərdən eyni vaxtda hücum etmək barədə plan hazırlayıblar. Bu məqsədlə Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzinin və İsrail səfirliyinin binası ilə üzbəüz binada mənzil kirayələnib. Lakin əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılıb.
Xatırladaq ki, Livan vətəndaşları – Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları - Məmmədov Cavad Məmmədrəsul oğlu, Rəsulov Vidadi Rahil oğlu, Amanov Müşfiq Əyyub oğlu, Balaşov Əfqan Yunus oğlu Cinayət Məcəlləsinin terrora cəhd, casusluq, dövlətə xəyanət, qanunsuz silah gəzdirmə, qaçaqmalçılıq, külli miqdarda narkotik vasitələrin daşınması və digər maddələrlə təqsirləndiriliblər.
Dəstə üzvlərindən yalnız Ə. Balaşov kassasiya şikayəti verib.