Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Geniş tərkibli görüşdə hərbi əməkdaşlıq məsələlərinin müxtəlif sahələr üzrə daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb, irəli sürülən konkret təkliflərin reallaşması üçün işçi qrupların fəaliyyətə başlanması qərara alınıb. Görüş zamanı nazir Səfər Əbiyev qonağı regionda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin yaratdığı problemlər barədə məlumatlandırıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifələrə toxunan müdafiə naziri bildirib “biz bölgədə sülhün tərəfdarıyıq, ancaq torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə Azərbaycan digər zəruri tədbirləri həyata keçirməkdən çəkinməyəcək”, deyə bildirib. Öz növbəsində general Xalid Şamim Vayn da həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduqlarını və haqq mübarizəsində Pakistan İslam Respublikasının ölkəmizi dəstəklədiyini bəyan edib.