Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.
Prezident İ. Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycana verdiyi davamlı dəstəyə və Pakistan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanımasına görə Pakistan İslam Respublikasına minnətdarlığını ifadə edib.
Dövlət başçısı əməkdaşlığı bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində daha da möhkəmləndirməyin önəmini vurğulayıb.
İqtisadi sahədə əməkdaşlığa toxunan prezident Azərbaycan-Pakistan Hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətini intensivləşdirməyin zəruriliyini bildirib. O, Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlarda bir-birilərini daim dəstəkləməsini nümunə kimi dəyərləndirib.
Öz növbəsində, Mir Can Camali ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyini bildirib. O, ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və parlamentlərarası əlaqələr sahəsində daha da genişləndirməyin zəruriliyini qeyd edib.