“Qətlə yetirilən qardaş-bacılarımızın yasını tutmağa davam edəcəyik”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun bu gün keçirilən toplantısının əvvəlində Xocalı faciəsinin ildönümünə toxunub. APA-nın xəbərinə görə, R. T. Ərdoğan 20 il əvvəl ermənilərin hücumu nəticəsində Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla 613 məsum insanın qətlə yetirildiyini bildirib: “Xocalıda qətlə yetirilən qardaşlarımızı bir daha rəhmətlə anıram. Azərbaycana və bütün azəri qardaşlarımıza onlarla həmrəy olduğumuzu çatdırırıq. Xocalı hadisəsi ötən bazar günü İstanbulda və bir çox şəhərimizdə anıldı və lənətləndi. Taksimdəki aksiyada bəzi marginal qrupların qaldırdığı plakatlar və səsləndirdiyi şüarlar bu həmrəyliyimizi kölgələməyə yetməz. Biz nifrətin və qəzəbin artırılmasını deyil, hər zaman olduğu kimi haqqı, hüququ və barışı müdafiə edəcəyik. Xocalını unutmayacaq və unutdurmayacağıq. Qətlə yetirilən qardaş-bacılarımızın yasını tutmağa davam edəcəyik”.