Dünən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin Rüştü Zorlu zalında Xocalı qırğınına həsr olunmuş rəsm və foto sərgi keçirilmişdir.
Sərginin açılış mərasimində Türkiyə Xarici İşlər Nazirinin müşaviri Hakan Hakyemez, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, Parlamentlərarası “Türkiyə-Azərbaycan Dostluq Qrupu”nun sədri Necdet Ünuvar sərginin açılış mərasimində çıxış etmiş, dünya ictimaiyyətindən bu faciəyə müvafiq hüquqi qiymət verilməsini tələb etmişlər. Sərgi iştirakçılarına faciəni özündə əks etdirən informasiya bukletləri paylanmşdır.
“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Şuşanın işğalı günü, 2008-ci il, 8 may tarixində irəli sürülmüşdür. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.