İSESCO 1992-ci ildə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımın 20-ci ildönümü münasibətilə keçirilən anım mərasiminə qatılacaq.
İSESCO-dan APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan və Türkiyənin Rabatdakı səfirlikləri bu dəhşətli insanlıq faciəsinin anılması üçün bir araya gələcəklər. Sabah İSESCO-nun Rabatdakı daimi qərargahında keçiriləcək anım mərasimində təşkilatın baş direktoru Əbdüləziz Osman Əl-Tüveyciri açılış nitqi söyləyəcək. O, erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklərin insanlığa qarşı təhdidlərindən və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasını tələb edən qətnamələrinin pozulmasından danışacaq.