Bu gün Ankarada İslam Əməkdaşlıq Təşkilatı (IƏT) Gənclər Forumu və Türkiyənin Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən anım mərasimi keçiriləcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbir "Xocalı üçün Ədalət " adlı beynəlxalq kampaniya çərçivəsində təşkil ediləcək.
Nazirliyin "Fatin Rüştü Zorlu" konfrans salonunda saat 18.00-da başlayacaq tədbirdə Xarici İşlər Nazirliyi müşavirinin müavini səfir Fatih Ceylan, Gənclər və İdman Nazirliyinin müşaviri Hakan Hakyemez, TBMM-in Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, IƏT Gənclər Forumunun təhsil, araşdırma və media şöbəsinin baş direktoru Nebat Karahanova, həmçinin Azərbaycan və Türkiyənin millət vəkilləri iştirak edəcəklər.
SalamNews-un "Cihan" agentliyinə istinadla verdiyi xəbərə görə, tədbirə "Xocalı üçün ədalət " beynəlxalq kampaniyanın nümayəndələri və Xocalı soyqırımının şahidləri də qatılacaqlar. Xocalı soyqırımı ilə bağlı fotoşəkillər və rəsimlər konfrans salonunun girişində nümayiş etdiriləcək.