“Xocalıya ədalət” kampaniyası 2012-ci il üçün tədbirlər proqramını açıqladı
Hal–hazırda Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı faciəsi haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.
Aksiyalar 50-dən artıq ölkədə keçirilir və bu ilki aksiyalar kampaniya başlayandan bəri ən kütləvi xarakterə malikdir. Buna bir neçə amil təsir göstərmişdir.
İKGF-nun təşəbbüsü ilə 51 ölkənin parlament nümayəndələrinin Xocalı qırğınını soyqırım aktı kimi tanıması kampaniya fəalları üçün böyük motivasiya rolunu oynadı və digər ölkələrin parlamentləri tərəfindən tanınması üçün platforma yaratmış oldu.
Digər amil bu ilki aksiyaların Xocalı qırğını hadisələrinin 20 illiyi ilə üst-üstə düşməsi oldu ki, bu da tədbirlərə əlavə kütləvilik vermiş oldu. Tədbirlərin daha kütləvi xarakter almasının növbəti amili isə bu ildən kampaniyaya istər diaspora, istərsə də xarici ictimai təşkilatları təmsil edən daha çox və yeni təşkilatların qatılması faktı oldu.
Bu ilin 14 fevral tarixindən başlayaraq Niderland, Polşa, Macarıstan, İsveçrə, BƏƏ, Ukrayna, Türkiyənin bir sıra şəhərlərində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatışdırması istiqamətində konfranslar, dəyirmi masalar, rəsm sərgiləri, etiraz nümayişləri və digər məlumatlandırma aksiyaları keçirilmişdir. Bu tədbirlər içərisindən Hollandiyada parlamentə yönəlmiş və Xocalı qırğınına hüquqi qiymət verilməsini tələb edən müraciətə 1 mln. imzanın toplanmasını, həmçinin Budapeştdə Xocalı faciəsinin ilk dəfə hüquqi məsuliyyət prizmasından nəzərdə keçirildiyi konfransı qeyd etmək olar.
Bu həftədən başlayaraq dünyanın başqa aparıcı şəhərlərində də bu aksiyaların keçirilməsinə start veriləcəkdir. 24 fevral, Sarayevo/Bosniya və Hersoqovina. Xocalı və Srebrenitsa qətliamları qurbanlarının xatirəsini əbədiləşdirən abidələrin açılış mərasimi olacaqdır. Açılış mərasimində “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, eləcə də Bosniya və Hersoqovina hökümət nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Proqram çərçivəsində Dobrınya gimnaziyasının tələbələri üçün “Xocalı” filminin nümayişi keçiriləcəkdir.
28 fevral, Moskva. Avropa kinematoqrafçıları tərəfindən çəkilmiş və Xocalıya həsr olunmuş filmin təqdimatı keçiriləcəkdir. Təqdimat “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçiriləcəkdir.
22 -29 fevral, Buxarest/Rumıniya. Rumıniya Yazıçılar İttifaqı və Diplomatik Akademiyada Xocalı faciəsinə həs olunmuş konfransların keçirilməsi planlaşdırılır. Eləcə də 26 fevral tarixində Buxarestin mərkəzi meydanında əhaliyə Xocalı qırğını ilə bağlı məlumat broşürləri və fotoların paylanması gözlənilir.
24 fevral, Ottava/Kanada. Ottava, Toronto və Monrealda fəaliyyət göstərən Azərbaycan icmaların iştirakı ilə ölkə parlamentinin, eləcə də Ermənistanın bu ölkədəki səfirliyinin qarşısında etiraz mitinqi keçiriləcəkdir.
23-26 fevral, Berlin/Almaniya. “Almaniyada Xocalı günləri” proqramı çərçivəsində alman professoru R.Kipkenin “Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi”, kanadalı alim S.Teylorun “Uzlaşmayan ziddiyyətlər: Türkiyə, Ermənistan və Azərbaycan” kitabının təqdimatı keçirəcəkdir. Bundan başqa “Xocalı uşaqların gözləri ilə” “Ağdam ruhlar şəhəri” rəsm sərgisinin, “Biz geri qayıdacağıq” bədii filminin göstərilməsi planlaşdırılır.
26 fevral, Tallin/Estoniya. Estoniyada keçirilməsi planlaşdırılan tədbirlər arasında AŞ-nın Azərbaycan üzrə həmməruzəçisi, “Azərbaycan məktubları” adlı kitabın müəllifi A.Herkelin çıxış edəcəyi beynəlxalq konfrans keçirəcəkdir. Adıçəkilən tədbirdə Avropa Parlamentinin 5 deputatının da iştirakı gözlənilir.
26 fevral, İstanbul/Türkiyə. ASAIF cəmiyyətinin təşkilatıçılığı və “Xocalıya Ədalət” kampaniyasının əməkdaşlığı ilə “Taksim” meydanında “Biz hamımız Xocalılyıq” şüarı altında minlərlə insanın iştirakı ilə etiraz nümayişi keçiriləcəkdir. Nümayişdə Azərbaycan və Türkiyə millət vəkillərinin iştirakı gözlənilir.
27 fevral, Paris/Fransa. Fransa Milli Assambleyasının binasında “Xatirə səciyyəli qanunlar və bilinməyən soyqırımlar” adlı beynəlxalq konfrans keçiriləcəkdir. Tədbirdə fransalı senatorların, bu ölkədə akkreditə olunmuş səfirlik nümayəndələrinin, eləcə də bir sıra alimlərin iştirakı gözlənilir.
23-24 fevral, Kiyev/Ukrayna. Ukrayna Azerbaycanlı Gənclər İttifaqının təşkilatçılığı ilə kampaniya çərçivəsində Xocalı faciəsi haqqında Ukrayna ictimaiyyətini məlumatlandırmaq məqsədilə Kiyevdə film nümayişi, həmçinin Kiyevdəki BMT və ATƏT nümayəndəlikləri qarşısında etiraz aksiyası keçiriləcəkdir.
28 fevral, Brüssel/Belçika. Renaissance otelində Xocalı qırğınına həsr olunmuş dəyirmi masanın keçirilməsi gözlənilir. Yerli siyasətçi və KİV-lərin iştrak edəcəyi tədbirdə Azərbaycanın millət vəkili Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, o cümlədən Xocalı faciəsinin şahidi Anar Usubov çıxış edəcəklər. Tədbir çərçivəsində Dağlıq Qarabağdan olan uşaqların çəkdikləri rəsm əsərlərində ibarət sərgi təşkil olunacaqdır.
Həmin gün Avropa Komissiyasının qarşısında Şuman meydanında Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı qırğınına qaşı etiraz edənlərin nümayişi keçiriləcəkdir. Onların adından Avropa Parlamentinə, eləcə də Belçika Parlamentinin deputatlarına müraciət göndərilməsi planlaşdırılır.
Eyni zamanda qeyd etmək lazımdır ki, kampaniyanın Facebook səhifəsinə dəstək verən istifadəçilərin sayı 50-dən artıq ölkədən olmaqla 30.000 nəfəri keçmişdir. Arayış: Bu tədbirlər Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilir. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.