Biz QMİ sədrinin Gürcüstanda görəcəyi işlərə əlimizdən gələn köməyi göstərməyə hazırıq - GMİ Ali Dini Şurasının üzvü (MÜSAHİBƏ)
"Ümumiyyətlə, ruhaniyyətin, islamın öz qanunları var. Haqsızlıqla barışmaq dinini əldən vermək deməkdir. Ya gərək haqsızlıqla barışasan dinin əldən gedə, ya da gərək haqqı deyəsən canın əziyyət çəkə. Bizim dinimiz canımızdan qiymətlidir və dinimiz yolunda ölməyə hazırıq". Bunu SalamNews-a müsahibəsində Gürcüstan Müsəlmanları İdarəsinin Ali Dini Şurasının üzvü Hacı Mirhüseyn Əsədov deyib.
Bildiyiniz kimi, Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) yaradılıb. Bu idarə Gürcüstan müsəlmanlarına hansı üstünlükləri verir?
- Həqiqi mənada dini məsələlərə xidmət etmək üçün Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasına ehtiyac var idi. Bu idarə müəyyən dövlət qurumları, təsisçilər tərəfindən yaradılmağa başlayanda Ali Dini Şuramızla məsləhətləşmələr apardılar. Bu məsələ ilə bağlı təsisçilər arasında 5-6 ay danışıqlarımız oldu. Onların konsepsiyası var idi və onu ruhaniyyət aliminə uyğun dəyişikliklər etmək üçün bizə təqdim etdilər. Biz də həmin konsepsiyada olan səhvlərə fikirmizi bildirdik. Bizə təklif olundu ki, müstəqil şəkildə konsepsiya, nizamnamə hazırlayaq və müştərək şəkildə baxılsın, qarşılıqlı razılıq əldə olunsun. Məsələ bu cür oldu. Bu sənəddə həm islami məsələlər, həm beynəlxalq qanun, həm də Gürcüstan Konstitusiyası nəzrə alınıb. Yəni elə bir hüquqi sənəd hazırladıq ki, heç bir zərərli tərəfi yoxdur və həqiqi mənada müsəlmanların ehtiyaclarına xidmət edəcək. Bu mənada, əlbəttə, məscidlərin tikintisi və statusu, ziyarətlərə getmək, mədrəsələrin fəaliyyəti və bir çox dini məsələlərin icrası üçün bu cür idarənin olması vacib idi.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin orada nümayəndəsi var idi, 1995-ci ildən fəaliyyət göstərirdi. Müəyyən dairələrdə fəaliyyəti olsa da, amma bu nümayəndəliyin hüquqi statusu yox idi. Şeyxin nümayəndəsi olduğuna görə, ona ehtiram edirdilər, müəyyən təkliflərini qəbul edirdilər. Xeyriyyəçiliklə tikilən iki məscidin inşasında və başa çatdırılmasında bilavasitə iştirakım olub. Mən həmin işdə QMİ nümayəndəsinə müraciət etdim. O mənə dedi ki, bizim ona məscid statusu vermək hüququmuz yoxdur. Yəni məlum oldu ki, bu nümayəndəliyə qərar vermək statusu verilməyib. Mən rayon, quberniya rəhbərliyinə müraciət etdim, oradan mənə bildirdilər ki, Gürcüstan Konstitusiyasında belə bir şey nəzərdə tutulmayıb ki, hardasa məscid tikilsin və o tikiliyə yerli idarəetmə orqanları məscid statusu versin. Siz onu ağsaqqallar adından, qocalar evi adından tikin sənədləşdirin, biz tərəfdən heç-bir maneə yoxdur. Biz də bu cür etdik.
Mühüm məslələrdən biri təsisçi məsələsi idi. Bu idarə müstəqil şəkildə bir neçə nəfər tərəfindən yaradılıb. Dəqiq desək, idarənin 10 nəfər təsisçisi var və heç biri ruhani deyil. Yəni dini savadları yoxdur, dövlət məmurlarıdırlar. Aralarında parlament deputatı, qubernator müavini, nazir müavini var. Bizim belə bir təklifimiz oldu ki, təsisçi də ruhanilərdən olsun. Çünki ruhaniyyəti ruhani daha yaxşı bilir. Hərə öz sahəsində olsa məsləhətdir. Bu məsələ haqqında da aramızda razılaşma əldə olunmuşdu. Lakin məsələ həll olunmaq ərəfəsində, şənbə günü idi, Ali Dini Şuranın 15 üzvündən 2-3 nəfərinin mobil telefonuna mesaj gəldi ki, sabah, bazar günü, Tiflisdə təzə yaradılacaq idarənin ofisində şeyxin seçkisi olacaq. Bizimlə aparılan 5-6 aylıq danışıqlar bir yanda qaldı. Bu addıma səbəb nə oldu, bizim üçün qaranlıq qaldı. Dəvət gələn üzvlərimiz narazılıq etdi və seçkiyə getmək istəmədilər. Təklif etdim ki, gedək, narazılığımız olsa, yerindəcə etirazımızı bildirək.
Mənə təklif etdilər ki, Gürcüstanda dövlət sektorunda müşavir işləyən azərbaycanlı var, onunla əlaqə saxlayım və görüş istəyim. Bu cür də oldu. Onunla Tiflisdə saat 11:00 görüş baş tutdu. Lakin bu görüş başa çatmamış məlum oldu ki, artıq idarəyə şeyx seçilib. Müşavir işləyən şəxsə müraciətimizin səbəbi o idi ki, seçki dayandırılsın, ortaq məxrəcə gələk və bu işi rahat şəkildə həll edək.
- İndi bu idarənin şeyxi, müftisi seçilib, onların müsəlman əhlinə hər-hansı xeyri varmı?
- Hər bir idarədə idarə etmək üçün düşünən beyin lazımdır. Yəni əgər bu idarə ruhani idarəsidirsə, gərək ona savadlı ruhani başçılıq etsin, məsələlərdən baş çıxara bilsin və müsəlmanlara xidmət etmək yolunu seçsin. Ora başçı seçilən adamın ali təhsili var, amma ruhani təhsili yoxdur. Sadə insandır, mollalıq etmək istəyi var, Quran təhsili yoxdur. Amma burada ali təhsilli ruhani olsa, işlərini elə qurar ki, həm dövlətin ictimai məsələlərinə, maraqlarına uyğun olar, həm də camaatın ümumi dini məslələrinə kömək edər.
Biz heç vaxt dövlətə, dövlətçiliyə müxalif olmamışıq. Hətta bu hadisələrdən sonra da. Düşündük ki, ola bilsin, prezidentin bu məsələlərdən xəbəri yoxdur. Ona məktubla müraciət etdik. Əvvəlcə 30 nəfər ruhaninin, sonra isə 8 min nəfərin imzası ilə etiraz məktubunu Preziden Aparatına təqdim etdik. İki gün sonra bizə Aparatdan zəng edib görüş təyin etdilər. Görüş günü səhər saatlarında yenidən zəng gəldi ki, bu iş ləğv olundu. Bu işin alınmamasının səbəbi də qaranlıq qaldı.
- QMİ-nin Gürcüstan üzrə nümayəndəsinin səlahiyyətləri GMİ-yə keçib. İndi GMİ-nin Gürcüstan müsəlmanlarına hüquqi və mənəvi təsiri nədən ibarətdir?
- Gürcüstanda yaşayan azərbaycanlıların, müsəlmanların QMİ-yə hörməti daim olub. ndi də bu idarəyə hörmətlə yanaşırıq və ona ümidimiz də var ki, onlar nəsə edə biləcəklər.
Tiflis məscidini Şeyx Həzrətlərinin nümayəndəsinin əlindən aldılar və təzə seçilmiş nümayəndəni onun yerinə qoydular. Heç olmasa, QMİ-yə hörmət edib nümayəndəsinə dəyməzdilər. Bu, olmadı, lakin o, fəaliyyətinə davam edir. Xalqa xidmət etmək istəsələr də, ancaq səlahiyyətləri yoxdur. Məsələn, Həc məslələrində bütün işlər Bakıda görülürdü. Buradakı idarəyə əvvəldən səlahiyyət vermədilər.
Biz o idarənin qalmasına, onun Tiflisdə fəaliyyət göstərməsinin əleyhinə olmamışıq. Niyə narazılıq etməli idik ki, müsəlman idarəsidir. Biz indi də hazırıq ki, ruhanilərin birliyi ilə Şeyx Həzrətlərinin orada görəcəyi işlərə əlimizdən gələn köməyi göstərək.
- Gürcüstanda ruhanilərin yetişdirilməsi sahəsində hansı işlər görülür və bunun üçün təhsil ocağı varmı?
- Sovetlər birliyi süqut etdikdən sonra QMİ-nin nəzdində fəaliyyət göstərən mədrəsədə, İslam Universitetində təhsil almış gənclərimiz var. Bundan əlavə, İran mədrəsələrində, Türkiyə ali təhsil ocaqlarında təhsil alanlar var.
- Üzvu olduğunuz Ali Dini Şuranın hüquqi statusu varmı, dövlət tərəfindən qeydiyyata alınıbmı?
- Mən Əhli-Beyt cəmiyyətinin təsisçilərindən biriyəm. Bir-neçə ay bundan əvvəl qanuni qeydiyyatdan keçmək üçün müraciətimiz olub. Lazım olan bütün sənədləri təqdim etmişik. Lakin indiyədək qeydiyyata alınmamışıq. Hər-hansı səbəb demirlər. Artıq məhkəməyə müraciət etmək həddinə çatmışıq.
Zənnimcə, bunlat süni maneələrdir. Səbəbini araşdırıb təxmin etmişik ki, GMİ-yə seçilmiş, elmi səviyyəsi olmayan şeyxlə görüşək. Bundan sonra ola bilsin, bizi qeydiyyata alsınlar.
- Yəni, GMİ tərəfindən “xeyir-dua” verilməlidir...
- Bəli. Amma elə xeyir-duaya bizim ehtiyacımız yoxdur. İmam Hüseyn (ə) Kərbəlada qiyam etdi. Elə bir siyasi gediş edib deyərdi ki, “yeziddir də, yaxşı oğlandır” İslama rəhbər osun. İmam Hüseynə (ə) dəyməzdilər, yaşıyardı. Sonra yollar tapıb inqilab edərdi. Kərbəlada İmam (ə) lazım olanı etdi, dedi ki, xeyir, bəd qüvvə İslamın rəhbəri ola bilməz. Allahın höccəti, əsrin imamı, peyğəmbər (s) yadıgarı canından, qanından, balalarından keçdi. İndi İmam Hüseyn (ə) məktəbindən çox xalqlar yararlanırlar.
Ümumiyyətlə, ruhaniyyətin, islamın öz qanunları var. Haqsızlıqla barışmaq dinini əldən vermək deməkdir. Ya gərək haqsızlıqla barışasan dinin əldən gedə, ya da gərək haqqı deyəsən canın əziyyət çəkə. Bizim dinimiz canımızdan qiymətlidir və dinimiz yolunda ölməyə hazırıq.
İndi bəzi problemlər yaradanlar İslam dini ilə oynayırlar. Mənim onlara yazığım gəlir. Kim Allahın dini ilə oynayıb zaman-zaman bəlasını çəkib. Kərbəla qatillərinin hamısı bəlasını tapdı. Əlbəttə, istəməzdim bu cür olsun, lakin gərək əstağfurullah desinlər. Ziyalılığı qabağa gətirmək, reallıqla barışmaq lazımdır. Heç kəs bizim düşmənimiz deyil və biz də heç kəsin real düşməni deyilik. Biz dövlətə, dövlətçiliyə, bütün dünyada insanlığa hörmət edən humanist qurumlara hörmətlə yanaşırıq. Çünki dinimiz bizə belə tərbiyə verib.