Azərbaycanın tarix boyu qərb ilə şərqi birləşdirən ticarət yollarının əsas qovşaqlarından birində yerləşməsi, buranın həm coğrafi, həm mədəni, həm də hərbi-strateji əhəmiyyətli məkan olması, islamın ilk dövrlərindən (20-22 h./641-643 m.) buranın müsəlmanlar tərəfindən fəth edilməsinə səbəb olmuşdur. İslam dini zaman keçdikcə yerli əhali tərəfindən qəbul edildi. Bu da danılmaz faktdır ki, burada yaşayan xalqın müsəlman olmasında ən böyük təsir göstərən amillərdən biri sufilik olmuşdur. Sadəcə, sufilərin xoşməramlı İslam anlayışının insanların qəlbinə təsir etdirmək xüsusiyyətini nəzərə alsaq, bu dinin qəbul edilməsində təzyiqin tətbiq olunmadığını aydın görə bilər və sufiliyin əhəmiyyətini dərk etmiş olarıq.
Sufiliyin Azərbaycanda ilk dövrlərdən mövcud olduğunu göstərən bir sıra dəlillər mövcuddur. Əvvəla, onu qeyd edək ki, bəzi mənbələrdə Həzrəti Muhəmməd (s.ə.s.) dövründə yaşamış, sufi tarixinin mühüm şəxsiyyətlərindən sayılan Veys əl-Qaraninin (v. 675) qəbrinin Azərbaycan ərazisində olduğu bildirilir. Bundan əlavə, türk xalqlarının ulu dastanı hesab edilən Kitabi-Dədə Qorqudda sufilikdən bəhs edilən motivlərə rast gəlirik. Azərbaycan ərazisində dövrümüzədək qalmış pir, qəbir və abidələrin, eyni zamanda bir sıra kitabələrin öyrənilməsi göstərir ki, sufilik bu bölgədə ən geniş yayılmış ictimai-fəlsəfi cərəyanlardan biri olmuşdur. Tədqiqatçılar kitabələrə əsasən sufi təşkilatlarının mərkəzlərini, onların şeyxlərini aşkar edərək müəyyənləşdirmiş, həmin mərkəzlərin fəaliyyətinin xronoloji çərçivəsini və təsir sahəsini göstərmişlər. Bütün bunlar Azərbaycanda İslamın inkişafında sufiliyin təsirindən xəbər verir.
Azərbaycanda təsəvvufun tarixinə dair mənbələrə nəzər salsaq, burada sufi hərəkatlarının X əsrdən başlandığının şahidi olarıq. Sufiliyi tədqiq edən tarixçilərin "təsəvvuf dövrü" adlandırdıqları bu tarixə aid kitablarda azərbaycanlı sufilərin adlarına rast gəlirik. Hələ sufiliyin inkişafının ilk mərhələlərində Kufə, Bəsrə, Bağdad şəhərləri, sonralar isə Nişapur mühüm rol oynamışdır. Nişapurda sufi cəmiyyətinə Şeyx Əbu Səid Əbulxeyr başçılıq etdiyi zaman onun ətrafına Əbu Abdullah ibn Xəfifin oğlu və davamçısı İbn Bakuyyə Baba Kuhi (v. 442/1050-51) və onun qardaşı Hüseyn Şirvani (v. 467/1074) kimi Azərbaycan sufiləri də toplaşmışdılar.
Tarixçi Muhəmməd İbn Münəvvərin məlumatına görə, Əbu Səid Əbulxeyrin nəzəriyyəsini yayan müridlərin təkcə Şirvanda 400-dən artıq xanəgahı olmuşdur. Onun davamçısı Şirvan şeyxi Pir Hüseynin xanəgahı Bakının 127 kilometrliyində yerləşir. Bütün bu məlumatlar İslam dünyasında qurulan ilk təkyə yerlərindən birinin Azərbaycan ərazisi olduğunu göstərir.
Azərbaycan ərazisində yaşayan ilk sufilərdən bəziləri bunlardır:
Əbu Hüseyn Dündari-Şirazi (v. 353/964), Hüseyn ibn Yəzdinyar, Əbu Həsən, Əbu Züra (v. 415/1024), Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əbu Abbas Əhməd, Əxi Fərəc Zəncani (v. 457/1065), Baba Fərəc, Xacə Muhəmməd Xoşnam, Səid Qasim oğlu Bərdəvi və s.
Miladi XII əsr təriqətlər dövrünün başlanğıcı hesab edilir. Bu dövrdə meydana gələn təriqətlər arasında azərbaycanlı sufilərin yaratdıqları təriqətlərin daha aparıcı mövqedə olması diqqəti cəlb edir. Məsələ burasındadır ki, Azərbaycan ərazisi məhz bu dövrdən etibarən təriqətlərin mərkəzinə çevrilmişdi. Burada sufi hərəkatı olan əxiliyin Anadolu qolu, sührəverdilik, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik və xəlvətiliyin qolları hesab edilən rövşənilik və gülşənilik təriqətləri meydana çıxmış və bütün İslam aləminə yayılmışdır. Burada həmçinin yəsəvilik, nəqşibəndilik kimi təriqətlər də geniş yayılmışdı. İslam dünyasında yayılan təriqətlərin və sufi cərəyanlarının bir neçəsinin Azərbaycan mənşəli olması alimlər tərəfindən təsdiq olunmuşdur.
Məsələn, Abbasi xilafəti dövründə meydana çıxan əxilik təşkilatı İslamın yayıldığı ərazilərdə tərəfdar tapmağa başlamışdı. Bu təşkilatı dəstəkləyən xəlifə Nasir pozulmuş ictimai-siyasi münasibətlərin yenidən tənzimlənməsini istəyirdi. Buna görə də o, Şəhabuddin Sührəverdiyə "Kitabu'l-futuvvət" adlı kitab yazdırdı və ətrafdakı ölkələrə elçilər göndərdi. Anadoluda səlcuqların bu məsələyə müsbət münasibət göstərməsi burada əxiliyin təşkilatlanmasına kömək etmişdir. Həmin dövrdə Anadoluda əxiləri bir yerə yığan Əxi Evrən adıyla tanınan azərbaycanlı Şeyx Nəsrəddin Mahmud (v. 660/1262) olmuşdur. O, ilk sufi fikirlərini Xorasan və Mavəraunnəhrdə yəsəvi dərvişlərindən almışdır. Əxi Evrən sonralar Şeyx Əvhədəddin Kirmani ilə görüşmüş və onun müridinə çevrilmişdir. Əxi Evrənin fikrinə görə, əxiliyə girən mütləq bir sənət sahibi olmalıdır. Yəni əxi, halal qazancla yaşamağı öhdəliyə götürən insandır. Əxi Evrən getdiyi hər yerdə sənətkarları bir yerə toplayıb təşkilatlandırırdı. Beləliklə o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu və orada bütün əxilərin şeyxi kimi qəbul edildi. O, "Mətaliu'l-İman", "Mənahici-seyfi", "Tabsiratu'l-mubtədi", "Təzkiratu'l-muntəhi", "Risaleyi-arz" və s. kimi əsərlərin müəllifidir.
Əxilik XI-XV əsrlərdə Azərbaycanda da mövcud olmuşdur. Əxi Əbulfərəc Zəncani (v. 1062-1065), Sadəddin Əbulqasim Təbrizi (v. 1181), Əxi Muhəmməd və Əxi Yusif kimi şeyxlər bu təşkilatın sufilərindən idilər. Onların adları qarşısındakı "əxi" sözü bunu bir daha təsdiq edir.
Azərbaycanda yayılan digər bir sufi təriqəti də sührəverdilik olmuşdur. Təriqətin qurucusu Əbu Həfs Ömər Şəhabuddin Sührəverdi (v. 632/j4) Azərbaycanın cənubunda-Zəncana aid olan Sührəverddə dünyaya gəlmişdi. O, ilk təhsilini Bağdadda almış, sufi təlimlərini isə əmisi Əbunnəcib Əbdulqahirdən öyrənmişdir. Mənbələr onun Bağdaddakı bütün təkyələrin ən yetkin mürşidi sayıldığını qeyd edirlər. Abbasi xəlifəsi tərəfindən qonşu İslam dövlətləri ilə münasibətləri gücləndirmək və sülhü qorumaq məqsədi ilə ona səfir vəzifəsi verilmişdi. Sührəverdi ərəb dilində təsəvvuf və təriqətin əsaslarından bəhs edən əsərlər yazmışdır. Bunlara misal olaraq "İrşadu'l-muridin və məcdu't-talibin", "Əqidətu-ərbabi't-tuqa", "Əvarifu'l-məarif", "Fi bəyani-təriqi'l-qövm" və s. əsərləri göstərmək olar.
Bundan başqa, Azərbaycanda yəsəvilik və nəqşibəndilik təriqətləri də mövcud olmuşdur. Əhməd Yəsəvinin qurduğu yəsəvilik təriqətinin müridləri arasında azərbaycanlı sufilər də vardır. XIII əsrdə bütün türk dünyasında geniş yayılan bu təriqətin müridləri Azərbaycanda öz təlimlərini yayırdılar. Bəzi mənbələrdə yəsəviliyin Azərbaycana ilk dəfə Əfşar Baba tərəfindən gətirildiyi qeyd edilir. Əhməd Yəsəvinin xəlifələrindən olan Geyikli Baba da azərbaycanlı olmuşdur.
XV əsrdən etibarən nəqşibəndilik təriqətinin nümayəndələri bu regionda öz fikirlərini daha geniş yaymağa başlamışdılar. Nemətullah Naxçivani, Hacı Nəcməddin Bərqbaf, Əbu Səid ibn Sunullah, Əziz Mahmud Urməvi kimi sufilər bu təriqətdən idilər. Bu dövrdə həmçinin "Hürufilik" təriqətinin banisi Şəhabuddin Fəzlullah Astarabadinin (Nəimi) (1339-1394) fəlsəfi-dini fikirləri xalq arasında yayılaraq özünə tərəfdarlar toplayırdı. Fəzlullah gənc yaşlarında ilahiyyat ilə maraqlanmış, on səkkiz yaşında təsəvvufa meyl etmişdir. 1386-cı ildə öz təlimini Təbrizdə elan etdikdən bir müddət sonra İsfahanda yaymağa başlayır. Burada etdiyi dini söhbətlərin sayəsində, ətrafında toplaşan insanların böyük ehtiramını qazanır və qısa müddət ərzində müxtəlif ictimai təbəqələrdən olan insanlar bu yeni cərəyanın ətrafında toplaşırlar. Yeni təriqətin yayılması hakim dairələrdə narahatlığa səbəb olduğundan, təriqət nümayəndələri daim təqiblərə məruz qalırdılar.
Fəzlullahın dini-fəlsəfi düşüncələri onun "Cavidani-kəbir", "Ərşnamə", "Məhəbbətnamə", "Növmnamə" adlı əsərlərində öz əksini tapmışdır.
Mənbələrdə hürufiliyin anadolu ərazisində Mir Şərif və əsasən də böyük Azərbaycan şairi İmaməddin Nəsimi tərəfindən yayıldığını qeyd edirlər. O, eyni zamanda hürufi şairi olub, şeirləri vasitəsiylə bu təriqətin dini-fəlsəfi fikirlərini təbliğ edirdi. Lakin bədii üslubu və şeirlərinin ecazkarlığı onu ümumiyyətlə XV əsr Azərbayan ədəbiyyatının ən nüfuzlu şairinə çevirmişdi.
Azərbaycanda təsəvvuf cərəyanları XVI əsrdən sonra istər dini və siyasi təzyiqlər nəticəsində, istərsə də güclü təmsilçilərinin meydana çıxmamasına görə zəifləməyə başlayır. Məmur və mollaların təzyiqləri nəticəsində bir çox təriqət mənsubları köç edərək Hindistana, Anadoluya, Misirə və s. ölkələrə getməyə başlayırlar. Buna görə də sufilik bir müddət durğunluq dövrünü yaşayır.
XIX əsrdən isə sufilik Azərbaycanda yeni mərhələyə qədəm qoyur. 1817-ci ildə kürdəmirli İsmayıl Şirvani Bağdadda Mövlanə Xaliddən icazə alaraq vətənə qayıdır və burada nəqşibəndi şeyxi kimi fəaliyyət göstərməyə başlayır. O, 1826-cı ildə rus hakimiyyətinin təzyiqləri ilə Azərbaycandan çıxarılır. Nəqşibəndilik İsmayıl Kürdəmirlinin davamçıları tərəfindən bütün Qafqazda yayılır və bu regionu tamamilə təsiri altına alan müridlik axınının formalaşmasına təsir edir. Bunun bariz nümunəsi kimi, İmam Qazi Məhəmməd və Şeyx Şamilin rəhbərliyi altında rus hakimiyyətinə qarşı aparılan mübarizələri göstərmək olar.
İsmayıl bəyin Azərbaycanda Mir Həmzə Seyid Nigari, Xas Məhəmməd Şirvani, Hacı Yəhya bəy Qutqaşınlı, Molla Muhəmməd Yaraqlı, Hacı Mahmud Baba Kürdəmirli kimi xəlifələri olmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti dövründə ateizm rəsmi ideologiya olduğu üçün sufi hərəkatları ciddi təzyiqlərə məruz qalırdı. Odur ki, Azərbaycanın şimal-qərb bölgəsində İsmayıl Kürdəmirlinin davamçıları sayılan nəqşibəndi şeyxləri və müridləri öz fəaliyyətlərini gizli halda davam etdirirdilər.
Qeyd olunan təriqətlərdən başqa, Azərbaycanda qələndərilik, bektaşilik, mövləvilik, nemətullahilik, qadirilik, məlamilik və s. sufi təriqətlərinin nümayəndələri mövcud olmuşdur. Həmçinin, bu ərazidə yaşayıb-yaratmış, lakin heç bir təriqətə bağlılığı olmayan sufilərə də rast gəlmək mümkündür. Nizami Gəncəvi, Mahmud Şəbustəri, Şəms Təbrizini bunlara misal göstərmək olar.
XVI əsrdə Azərbaycanda olmuş Övliya Çələbi bu ərazidə mövcud olan xanəgah və təkkələr haqqında məlumat vermişdir. Bu məlumatda Şeyx İbrahim Şirvaninin, Mərəzədəki Diri Babanın, Şeyx Rza Sultanın, Əfşar Babanın ziyarətgahlarının adları çəkilir. Onu da qeyd edək ki, tarixçilər o dövrlərdə tacirlər tərəfindən xanəgahlara çoxlu sosial köməklik göstərildiyini bildirirlər. Tacirlər təkcə dini etiqad nöqteyi-nəzərindən deyil, eyni zamanda onların geniş xalq kütlələri arasında nüfuz və təsirlərinə görə kömək edirdilər. Böyük nüfuza malik olan Şeyx çox zaman inzibati idarələrin həll edə bilmədiyi problemləri tacirin xeyrinə həll edə bilirdi. Ona görə də şeyxlər istədikləri vaxt tacirlərdən xanəgahların xeyrinə maddi vəsait toplayır, yaxud onları müəyyən ictimai binaları tikməyə, bərpa və təmir işləri görməyə, yol salmaq, su çəkmək və bir sıra digər mədəni-maarif məsələlərinin həll edilməsi kimi xeyriyyə işlərinə cəlb edirdilər. Bu, bir daha xanəgahın və onların başında duran sufi alimlərin ölkənin iqtisadi-siyasi, mədəni həyatında mühüm rol oynadıqlarını göstərir.
Sufiliyin mədəniyyətə təsiri təkcə memarlıqda yox, ədəbiyyatda da özünü göstərirdi. Təsəvvuf dövrünün ilk sufiləri dini hiss və duyğularını əsasən qısa cümlələr formasında ifadə edir və şeirə çox diqqət yetirmirdilər. Odur ki, sufi ədəbiyyatında meydana çıxan ilk əsərlər nəsr formasındadır. İlk sufi əsərləri ərəbcə yazılırdı. XI əsrdən etibarən fars, XIII əsrdən isə türk dilinin təsəvvuf ədəbiyyatının dili olduğu nəzərə çarpır.
XI əsrdən başlayaraq təkkə ədəbiyyatı divan ədəbiyyatının formalaşmasında mühüm rol oynamışdır. Divan şairlərinin əksəriyyəti sufi meyilli olmuşlar. Bu əsrdən etibarən farsca şeirlərdə təsəvvufun təsirinin tədricən artdığı müşahidə edilir. Təsəvvuf şeirini ilk dəfə meydana gətirən Əbu Səid Əbulxeyr olmuşdur. Sonrakı dövrlərdə farsca yazan sufi şairlər içərisində Sənai, Əttar, Mövlana kimi böyük dühalar yetişmişdir.
İslam mədəniyyətinə elm, fəlsəfə, sənət və başqa sahələrdə töhfələr verən azərbaycanlı alimlər, mütəfəkkirlərlə yanaşı, sufi ədəbiyyatıyla məşğul olan görkəmli şəxslərin də müstəsna xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatında Babakuhi Şirvani, Nizami Gəncəvi, Mahmud Şəbustəri, İmadəddin Nəsimi, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əbulqasim Nəbati, Həmzə Nigari kimi sufi şairlər ölməz əsərlər yaratmışlar. Azərbaycan sufiləri arasında ilk dəfə divan yazan sufi Babakuhi Bakuvi olmuşdur. Azərbaycan dilində yazan İzzəddin Həsənoğlu da tanınmış sufi şeyxlərindəndir.
Sonda qeyd edək ki, sufiliyin bütün müsəlman cəmiyyətlərində yayıldığı kimi, Azərbaycanda da yayılması və bu xalqın mədəniyyətində dərin iz buraxması, onun sosial-ictimai əhəmiyyətli mövqeyinə ehtiyacın mövcudluğundan xəbər verir. Bu gün Azərbaycanda mövcud olan çoxlu sayda pir və pir adıyla bağlı yerlər, həmçinin sufi xanəgahları tarixin keçməkeşlərinə sinə gərərək varlığını qorumuş və abidələşmişdir. Sufilik Azərbaycanda ədəbiyyat, fəlsəfə, etika, memarlıq, musiqi, miniatür və başqa sahələrə nüfuz edərək təsirini göstərmiş və müəyyən həyat tərzinini formalaşdırmışdır.