"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi təşkilatın sədri Hacı Mehdi Məmmədovun həbsi ilə bağlı, o cümlədən dindarların son günlər həbs edilməsi ilə əlaqədar olaraq bəyanat yayıb.
SalamNews "isalamazəri" elektron qəzetinə istinadən xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan Respublikasında son günlərdə dindarlara qarşı kütləvi həbslər aparılmaqdadır. Ötən illər ərzində müxtəlif təzyiqlər edilsə də, son bir neçə gündür həyata keçirilən repressiyanın miqyası, misli görünməmiş tərzdə geniş olmuşdur. Belə ki, bir həftə ərzində ölkəboyu aparılan həbslərdə 70-dən çox dindar əsassız olaraq həbs edilmişdir. Eyni zamanda ölkənin bir neçə regionunda aparılan belə ədalətsiz həbslər Azərbaycanda hüquq-mühafizə sisteminin hansı formada işlədiyini bir daha aydınlaşdırdı.
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi Azərbaycan dövlətinin, dövlətçiliyinin, milli-mənəvi dəyərlərin qorunmasında hər zaman fəal iştirak etmiş dini kəsim ilə dövlət rəhbərliyi arasında gərginlik meydana gətirmək cəhdlərinin, həm ümummilli maraqlara ciddi zərər vurduğunu, həm də gələcək üçün yaxşı heç bir şey vəd etmədiyini bildirir və cəmiyyətdə namuslu, əxlaqlı, dürüst, şərəfli və ləyaqətli insanlar kimi tanınmış vətən övladlarının şərlənərək gülünc, nalayiq, ikrah doğuran ittihamla həbs olunmasını kəskin şəkildə qınayır, baş verən özbaşnalığa və insan hüquqlarının kobud surətdə pozulmasına qəti etirazını bildirir, ölkənin müvafiq rəhbər strukturlarına səslənərək, bu məmur və polis özbaşnalığına, islamçılara qarşı təzyiqlərə son qoymağa çağırır. "
Bildirək ki, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov da həbs olunanlar arasındadır. O, AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir.