Sufilik mövzusunda qədim mənbələrdən sayılan "Təlbisi-İblas" kitabında İbn Covzi yazır: ""Sufi" sözü hicri 200-cü ildən azacıq əvvəl yaranıb. Həzrəti Peyğəmbərin dövründə insanlara ləqəb qoşarkən, ilk növbədə İslama və imana aid edir, "muslim" və "mömin" deyirdilər. Sonra "zahid" və "abid" adları meydana çıxdı. Daha sonra bir dəstə yarandı ki, zahidliyə və Kəbəyə bağlılıqlarının çoxluğundan, dünyadan uzaqlaşdılar, özlərini tamamilə ibadətə həsr etdilər və xüsusi bir təriqət (yol) yaratdılar".
Burada bir məsələyə diqqət yetirmək yerinə düşər. "Sufi" sözünün tarixdə gec göründüyünü əldə əsas tutanlar bu cərəyanı sonradan yaradılıb İslama əlavə olunmuş hesab edirlər. Lakin əksər sufilik tədqiqatçılarının fikrincə, sufilik – bəşər tarixi boyunca peyğəmbərlərin, Allah dostlarının yaşadığı bir həyat tərzidir. Sufilik kənardan götürülmüş bir şey deyildir. Əsl İslam qanunlarına uyğun olan və Allahın insandan tələb etdiyi həyat tərzi elə təsəvvuf həyatı deməkdir. Təsəvvuf keçmiş peyğəmbərlərin zamanında olduğu kimi, Həzrəti Muhəmməd peyğəmbərin (s.ə.s.) dövründə də mövcud olmuşdur. Peyğəmbərimizin özü, yaxın səhabələri klassik təsəvvuf normalarına uyğun bir həyat yaşamışlar. Çünki Allahın şəriətindən kənarda təsəvvuf yoxdur.
Sadəcə olaraq, "təsəvvuf" və "sufi" kəlimələrinin özləri sonradan meydana çıxmışdır. Ümumiyyətlə, heç bir elm yarandığı anda ada malik olmur, üstündən uzun müddət keçdikdən sonra, tarixin süzgəcindən süzülərək, həmin elmə ad verilir. İslam təsəvvufu da beləcə, hicri 2-ci əsrin sonlarına qədər adsız "fəaliyyət göstərmiş", sonradan ona bu ad verilmişdir.
Tədqiqatçılar sufiliyin tarixini 3 əsas mərhələyə bölürlər:
1. Zöhd mərhələsi.
Həzrəti Muhəmməd peyğəmbərin (s.ə.s.) şəxsən nümayiş etdirdiyi, sonralar böyük səhabələr tərəfindən yaşanmış, onlardan sonra tabiun (peyğəmbəri görməyib, yalnız səhabələri görmüş müsəlmanlar) və tabəu-tabiun (peyğəmbəri və səhabələri görməyib, yalnız tabiunu görmüş müsəlmanlar) tərəfindən davam etdirilmiş həyat tərzi sufiliyin ilkin mərhələsinin əsasını təşkil edirdi. Zöhd mərhələsi hicri 2-ci əsrin sonlarına (miladi 8-ci əsrin sonları) qədər davam etmişdir. İslamın ilk əsrində bu mərhələnin ən böyük simaları sırasında Allahın Rəsulundan (s) sonra ilk dörd xəlifəni, "Əshabi-suffə"ni, Uveys əl-Qəranini və başqalarını qeyd etmişlər. Sonrakı əsrdə (hicri 2-ci / miladi 8-ci əsr) xilafətin Mədinə, Kufə, Bəsrə və Xorasan vilayətlərində güclü zöhd məktəbləri fəaliyyət göstərirdi. Bu şəhərlərdə Səid ibn Museyyib, İmam Malik ibn Ənəs (Mədinə), Həsən əl-Bəsri, İbn Sirin, Malik ibn Dinar, Rabieyi-Ədəviyyə (Bəsrə), Əbu Haşim Sufi, Cabir ibn Həyyan, Süfyan Sövri, Davud Tai (Kufə), İbrahim ibn Ədhəm, Fuzeyl ibn İyaz, Şəqiq Bəlxi (Xorasan) və başqa məşhur şəxsiyyətlər yaşayırdılar. Bəzi tədqiqatçılar İmam Zeynulabidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqi (ə) də bu dövrün ən məşhur zahidlərindən saymışlar.
2. Təsəvvuf mərhələsi.
Hicri 3-4-cü / miladi 9-10-cu əsrlərdə "sufi" termini meydana çıxdı. Təsəvvuf digər islami elmlərdən ayrılaraq, müstəqil bir təlim kimi formalaşdı. Bu dövrdə təsəvvuf nəzəriyyəsinə aid ilk əsərlər yazılmağa və ilk sufi terminləri meydana çıxmağa başladı. Bu mərhələdə Bəsrə, Kufə və Xorasanla yanaşı, Nişabur, Misir, Bağdad və Şamda da sufi mərkəzləri fəaliyyət göstərirdi. Təsəvvufun özəyi bu mərhələdə qurulmuş, təməl anlayışları bu mərhələdə formalaşmışdır.
3. Təriqət mərhələsi.
Hicri 6-cı / miladi 11-ci əsrdə sufi müəssisələri – təriqətlər meydana çıxdı, təsəvvuf sosial həyatın bir tərkib hissəsinə çevrildi. Bu mərhələ boyunca sufi ədəbiyyatının ən gözəl nümunələri yaradıldı. Mövlana Cəlaləddin Rumi, Sədi Şirazi, Hafiz Şirazi kimi şairlər yaşayıb-yaratdılar. Təsəvvuf aləmi Muhyiddin ibn Ərəbi kimi nəhəng mütəfəkkirin ideyaları ilə zənginləşdi. Bu mərhələdə əsas sufi ayinləri, adət-ənənələri formalaşmağa başladı, xanəgah həyatı yarandı. Bəzi şəriət alimləri tərəfindən sufiliyə qarşı hücumlar da bu dövrdə kəskinləşdi.
Sufiliyin özü kimi, "sufi" sözü də tarix boyunca enişli-yoxuşlu yol keçmişdir. Bəzən bu söz müsəlmanların ən yüksək mənəviyyatlı təbəqəsi kimi işlənmiş, bəzən isə mənfi məna ifadə etmişdir. "Sufi" sözünün mənfi çalar qazanmasının səbəbi, sufilik daxilində bu aləmdən çox-çox uzaq olan mənfi ünsürlərin ortaya çıxmasıdır. Zaman keçdikcə, bu cür şəxslər sufilik pərdəsinə bürünərək, fırıldaqçılıqla, tüfeyli həyat tərzi sürməklə məşğul olmağa, insanları tərəqqidən, elmdən uzaq salmağa başladılar. Hətta yun paltar geyinmək adəti bəzi sufilərin əlində özünü göstərmək və zahidliyi nümayiş etdirmək vasitəsinə çevrildi. Tədricən mütərəqqi fikirli sufilərin özləri belə, yun paltar geyinmək adətindən əl çəkməyə başladılar. Nəhayət, hicri VI-VII (miladi 12-13-cü) əsrlərdən başlayaraq, sufi ədəbiyyatında yun paltar geyinən, gününü moizə və nəsihətlə keçirən, əslində dünyapərəst olan sufi obrazı mənfi surətə çevrildi. Bu obraz xudpəsəndlik edir, öz geymini, yeməyini və yaşayış tərzini camaatın gözünə soxurdu, onun əsl ariflərə məxsus bəsirətdən, ilahi maarifdən, şövq və vəcddən xəbəri yox idi.
Xacə Hafiz Şirazi belə zahirpərəst sufini ov tutmaq üçün tələ qurmuş hiyləgər və hoqqabaz ovçuya bənzədir. Lakin ovçu özü də bilmir ki, fələk onun bütün hiylələrini puç edib, camaat qarşısında rüsvay vəziyyətə salacaq.
Hafiz qəzəllərinin birində belə deyir: "Ayağa dur, sufilərin xirqəsini (geyimini) xərabata (əsl ariflərin məskəninə) aparaq. Sufilərin vəcd halında dedikləri anlaşılmaz söz və ibarələri (şəthiyyat və tamat) xurafat bazarına aparaq".
Mövlana Cəlaləddin Rumi "Məsnəvi"nin ikinci dəftərində, "Sufilərin səma’dan ötrü qonağın uzunqulağını oğurlayıb satmaqları" əhvalatında xanəgahda məskunlaşmış sufilərin hiyləgərliyini və onlara kor-koranə inanmış qərib sufinin avamlığını təsvir edir. Hadisənin qısa təsviri belədir:
Bir qərib sufi uzun yol gələrək, xanəgahda (sufilərin məskunlaşdığı yerdə) müvəqqəti qalmalı olur. Uzunqulağını tövlə xidmətçisinə tapşırıb, öz otağına gedir. Xanəgahın hoqqabaz sakinləri onun uzunqulağını tövlədən oğurlayıb satırlar, puluna yemək alıb axşam üçün məclis tədarükü görürlər. Elan olunur ki, axşam xanəgahda səma’ məclisi qurulacaq (sufilərin vəcd halında, avaz və yaxud ney sədası altında dövrəvari hərəkətlər etməsinə səma’ deyilir).
Axşam uzunqulağın puluna alınmış yemək yeyiləndən sonra səma’ məclisi başlayır. Qonaq da maraqlanıb orada iştirak edir. Sufilər "xər berəft, xər berəft" (farsca tərcüməsi – "uzunqulaq getdi, uzunqulaq getdi") sözlərini zümzümə edərək səma’ya başlayırlar. Qonaq da heç sözlərin mənasına fikir vermədən onlara qoşulur və sözləri təkrar edir.
Məclis qurtardıqdan sonra hərə dağışılıb öz otağına gedir. Səhər qonaq yuxudan ayılanda sufilərin xanəgahı tərk edib qaçdıqlarını görür. Yoluna davam edib getmək istəyəndə uzunqulağı tapmır. Xidmətçini çağırıb heyvanı ona qaytarmasını tələb edir, əks təqdirdə qazıya şikayət edəcəyi ilə onu hədələyir. Xidmətçi təəccüblə bildirir ki, mən axşam uzunqulağı tövlədə tapmayıb tez sənə xəbər verməyə gəldim. Gördüm ki, sən də səma’ ayinində iştirak edirsən. Uzunqulağın itdiyini sənə dedimsə də, əhəmiyyət vermədin və "uzunqulaq getdi" deyə zümzüməni davam etdirdin. Mən də elə bildim ki, sən əhvalatı bilirsən, ona görə qayıdıb getdim.
Əhvalatın sonunda Mövlana avam sufinin öz dili ilə, aldanmasının səbəbini izah edir: "Məni onları təqlid etməyim bu hala saldı, belə təqlidə lənətlər olsun!"
Məşhur Azərbaycan şairi, hürufi təriqətinin görkəmli nümayəndəsi Seyid İmadəddin Nəsimi də öz qəzəllərində haqqı dərk etməyən və zahirə qapılan sufiləri tənqid atəşinə tuturdu:
Cami-müsəffadən mənə saqi içirdi bir qədəh, Sufi nə bilsin mən necə ol camdən buldum səfa!
Yaxud:
Eyləmişsən surəti-sufiliyi dükkani-kəsb, Bundan özgə var isə göstər, kəramatın nədir?
Bəzi mütərəqqi sufilər və ariflər belə mənfi təzahürlərə etiraz əlaməti olaraq, yun paltardan, xirqə və mürəqqedən imtina edirdilər. Rəvayətlərə görə, Cuneyd Bağdadi ruhani libası geyinir, zahirpərəst sufilər kimi geyinməməsinin səbəbi soruşulanda deyirdi: "Əgər bilsəm ki, mürəqqe geyinməklə iş düzələr, dəmirdən və oddan özümə paltar tikib geyinərdim. Amma həmişə öz içimdən bu nidanı eşidirəm ki, Allah yanında etibar qazanmağın yolu xirqə geyinmək yox, onun məhəbbətində yanmaqdır" (Fəridəddin Əttarın "Təzkirətu'l-övliya" əsərindən).
Sufilik pərdəsinə bürünmüş bəzi cahillərin nöqsan və inhiraflarını tənqid edən İbn Covzi "Təlbisi-İblis" əsərində Ənəs ibn Malikə istinadən Peyğəmbərin bu hədisini qeyd edir: "Camaatın onu tanıması xatirinə yun paltar geyinən adama Allah-Təala qoturluq paltarı geyindirər, bədənindən ətini tökər". İbn Abbas isə Peyğəmbərdən bu hədisi rəvayət edib: "Riya məqsədilə yun paltar geyinən adamın əlindən yer, Allahın dərgahına şikayət edər".