Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə müxtəlif şəhərlərdə silsilə tədbirlər keçirməyi planlaşdırıb.
Səfirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə,fevralın 20-28-də Giresun Universiteti, Hatay şəhərindəki Mustafa Kamal Universiteti, Elazığ şəhərindəki Fırat Universiteti, Ankaranın Qazi, Orta Doğu Texniki və Hacettepe universitetlərində konfrans, sərgi, teatr və sənədli film nümayişləri nəzərdə tutulub.
Fevralın 26-da Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Bilkent Universitetində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Yusif Mirişlinin bəstələdiyi “613”, Fərhad Bədəlbəylinin “İki qadının duası” və Qara Qarayevin müxtəlif əsərlərinin səsləndiriləcəyi konsert nəzərdə tutulub.
Türkiyə Böyük Millət Məclisində fevralın 28-də Xocalı soyqırımı ilə bağlı Funda İyce Tuncelin rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.
Azərbaycanın İstanbuldakı baş konsulluğu da Bahçeşehir Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edəcək, İzmir, Bursa, Kocaeli şəhərlərində silsilə tədbirlər keçirəcək. Taksim meydanında isə izdihamlı yürüş-mitinq olacaq.
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qarsdakı baş konsulluğumuz da Qars, İğdır və Ərzurumda tədbirlər keçirəcək.