Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizdə səfərdə olan Moskva şəhərinin Regional Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqələr Departamentinin sədri Yuri Artyux və Moskva Hökumətinin naziri, Moskva şəhəri Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Sergey Çeryominlə görüş keçirilib.
QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə əmin olduğunu bildirib ki, onların səfəri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
A.Paşazadə deyib ki, onun fəaliyyəti uzun illər MDB ölkələri, o cümlədən Rusiya ilə bağlı olub. O, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun böyük xidmətlərini vurğulayıb: “Biz Rus Pravoslav Kilsəsi ilə sıx əlaqələr qurmuşuq”.
A.Paşazadə söyləyib ki, Qafqaz Müsəlmanları İdarəsi bir çox ölkələrə tolerantlıq örnəyi olan Azərbaycanda təmsil olunmuş əsas konfessiyaların başçıları ilə sıx əməkdaşlıq edir.
Yuri Artyux səmimi qəbula görə minnətdarlığını bildirərək, Moskva Hökumətinin, habelə Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin səmimi salamlarını və ən xoş arzularını çatdırıb. Qonaq ümidvar olduğunu bildirib ki, bu səfər Moskvanın və Bakının, Rusiyanın və Azərbaycanın çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinə yeni təkan verəcək.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı Aleksandr Şein, Azərbaycanın Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Bakıdakı Roman Katolik Kilsəsinin baş keşişi Vladimir Feketa iştirak ediblər.