“Hicaba azadlıq” aksiyasına görə məhkum olunmuş Məmməd Əsgərov və Toğrul İsgəndərovun apellyasiya şikayətinə baxış keçirilib. Bu barədə SalamNews-a vəkil Anar Qasımlı məlumat verib.
O deyib: "Müdafiəçilər prosesdə vəsatətlər qaldıraraq bildiriblər ki, necə ola bilər aksiyanın təşkilatçısı kimi təqsirləndirilən şəxslərə bir il, il yarım iş kəsilir, amma aksiya iştirakçılarına üç il? Hərçənd biz təşkilatçı kimi təqsirləndirilən adamlar haqqında çıxarılan hökmlərlə də razı deyilik”.
Dövlət ittihamçısı çıxış üçün hakim Vaqif Mursaqulovdan vaxt istədiyindən prosesi fevralın 20-də davam etdirmək qərara alınıb.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb.
T.Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Sonra Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə yeni ittiham əlavə olunub (5 ilə qədər həbs). Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Toğrul İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.