Dünən Bərdədə qeyri-ənənəvi dini təbliğatla məşğul olan qrupların zərərsizləşdirilməsi üçün geniş əməliyyat keçirilib. Rayon polisindən ibarət əməliyyat qrupu Bərdə şəhər 20 Yanvar küçəsindəki mənzillərin birində fəaliyyəti qanunla qadağan edilmiş dini sekta aşkarlayıblar. Adı çəkilən ünvana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları "Yəhova şahidləri" sektasının 18 üzvünü saxlayıb.
"Həmin şəxslərin hamısı polis şöbəsinə aparılıb. Araşdırmalar zamanı aydın olub ki, dini sektaya Bərdə şəhərindəki 1 və 2 saylı orta məktəbin müəllimələri rəhbərlik edir. Yeganə və Nərgiz adlı bu müəllimlərin rəhbərliyi ilə xeyli adam sözügedən ünvanda yüksək qiymətə mənzil kirayə edərək, qeyri-ənənəvi dini təbliğatla məşğul imişlər". Mənbənin bildirdiyinə görə, saxlananların 4-ü kişi, digəriləri isə qadınlar olub: "Polis şöbəsinə gətirilən kişilər dindirmə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Həmin şəxslər açıq şəkildə erməniləri özlərinə qardaş bildiklərini deyiblər. Onların fikrincə ermənilərə silah qaldırmağı mənsub olduqları din qadağan edir". Qeyd edək ki, bu sektanın əsas məqsədlərindən biri də gəncləri hərbi xidmətdən yayındırmaqdır. Məlumatlara görə, bu sektanın fəaliyəti xristian ölkələrində də qadağan edilib. Amma bu missionerlər Azərbaycana axışaraq, burada zərərli təbliğatla məşğul olurlar.
Xatırladaq ki, ötən il Gəncədə fəaliyyət göstərən "Yəhova şahidləri" sektasının fəaliyyəti də hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra dayandırılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Bərdə Rayon Polis Şöbəsindən isə sualımıza çox qısa cavab aldıq. Polis şöbəsindən belə bir əməliyyatın keçirildiyini təsdiqlədilər. Lakin bildirdilər ki, əməliyyat zamanı saxlanılan şəxslərdən heç biri hazırda həbsdə deyil.