Qafqaz Müsəlmanları İdarəsinin iki əsrlik tarixi ərzində zəngin ənənələri təşəkkül tapıb. Qafqazın tarixi-dini mərkəzi kimi bərqərar olmuş idarəmizin əsas fəaliyyət istiqamətlərindən biri də dini-mənəvi dəyərlərimizin təbliği olub.
SalamNews-un məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdərəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə “Haqqın nuru” qəzetinin 100-cü nömrəsi işıq üzü görməsi münasibətilə qəzetin oxucularına, həm də nəşrin yaradıcı heyətinə bildirdiyi təbrik məktubunda deyib.
O bildirib ki, bu dövr ərzində maarifçilik, təbliğ sahəsində ilk böyük uğurumuz Azərbaycan müstəqilliyini bərpa edəndən sonra işıq üzü görmüş «İslam» qəzetinin nəşrə başlaması idi. Bu qəzet mərhum jurnalist Hacı Akif Ağayevin redaktorluğu ilə dərc olunduğu illər ərzində Azərbaycan oxucusunun rəğbətini qazanmağa nail ola bilib. Dini-mənəvi dəyərlərə qayıdış illərində «İslam» qəzetinin dini-mənəvi maarifləndirmə işində böyük əhəmiyyəti və əvəzsiz rolu olub.
Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət dairəsi Qafqaz bölgəsini ehtiva etdiyindən idarəmizin mətbu orqanının iki dildə — Azərbaycan və rus dillərində nəşr edilməsi zərurəti hiss olunurdu. Bu baxımdan «Haqqın nuru» - «Svet istinı» qəzetinin meydana gəlməsi olduqca dəyərli hal oldu. Nəşrə başladığı andan etibarən bu qəzet öz missiyasını ləyaqətlə yerinə yetirməklə - Qafqaz Müsəlmanları İdarəsinin orqanı olaraq idarənin fəaliyyətini hər iki dildə geniş, ətraflı işıqlandırmaqla yanaşı, həm də geniş oxucu kütləsinin dini maariflənməsi, ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində görülən böyük işlərin təşviqi, habelə dünya çapında dini-mənəvi həyatda baş verənlərin işıqlandırılması sahəsində uğurlar qazanmağa nail olub.
Onun sözlərinə görə, «Haqqın nuru» Azərbaycanda dinə, dindarlara göstərilən dövlət qayğısını, dini ibadət məkanlarında aparılan genişmiqyaslı bərpa, tikinti, yenidənqurma işlərini ölkəmizin hüdudlarından kənarda geniş işıqlandıran nəşrə çevrilib.
«Haqqın nuru» qəzetinin ərsəyə gəlməsində əməyi keçənləri — başda baş redaktor Zülfuqar Fərzəliyev olmaqla bütün əməkdaşları səmimi qəlbdən təbrik edir, onlara şərəfli, Allaha xoş gedən bu nəcib fəaliyyətlərində yeni uğurlar diləyirəm",- deyə bütün Qafqazın şeyxi söyləyib.