Milli Məclisin bu gün keçirilən iclasında əsas müzakirə predmetlərindən biri İranın Azərbaycana verdiyi nota olub.
SalamNews-un verdiyi xəbərə görə, deputatlardan Zahid Oruc İranın bu addımını pisləyərək bildirib ki, bu nota sonda İranın əleyhinə çevriləcək.
Deputat Fərəc Quliyev isə rəsmi Bakının bu notaya ciddi reaksiya verməsini təklif edib.
Parlamentin üzvü Fazil Mustafa deyib ki, Azərbaycan ilə İran nə qədər dos olmaq istəsə də, İranın bu hərəkəti ikitərəfli əlaqələrə mənfi təsir göstərir. İranın Azərbaycandakı səfiri XİN-ə çağırılmalıdır və ona məsələ ilə bağlı əks-nota sərt şəkildə təqdim edilməlidir.
Deputat Qənirə Paşayeva söyləyib ki, İranda Azərbaycana qarşı bir çox qüvvələr fəaliyyət göstərir. "Səhər" kanalı Azərbaycana qarşı yönəlmiş telekanaldır və bu kanalın, oradakı bəzi qüvvələrin fəaliyyəti iki ölkə arasındakı münasibətlərə çox ciddi xələl gətirir. Bu münasibətlər nə qonşuluq siyasətinə, nə də diplomatik münasibətlərə sığmır. Baxmayaraq ki, Azərbaycan İranla normal qonşuluq münasibətlərini qoruyub saxlamaq istəyir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, İranda Azərbaycanın əleyhinə fəaliyyət göstərən bir çox qüvvələr var və bu qüvvələrin fəaliyyətinin kökündə bəzi qurumlar dayanır. O, İran parlamentinin bəzi deputatlarının mövqeyini və "Səhər" kanalının fəaliyyətini qınadı: "Düzdür, İranda bir çox hallarda Azərbaycanın əleyhinə çıxışlar olsa da, biz münasibətlərin pozulmasına imkan verməməliyik və bu əlaqələrin pisləşməsinə aparmamalıyıq. Biz səmimi qonşuluq münasibətlərini qorumağa cəhd göstərməliyik".
O.Əsədov sonda diqqətə çatdırıb ki, ölkə başçısı İlham Əliyev hər zaman bəyan edib, Azərbaycandan xarici ölkəyə qarşı hansısa tədbirin həyata keçirilməsinə imkan verilməyəcək.