2007-ci il sentyabrın 26-da Qusar rayonunda iki polisi yaralayaraq hadisə yerindən qaçan vəhhabi təriqətinə mənsub rayon sakini 31 yaşlı Telman Abdullayev barəsindəki cinayət işinin istintaqı dayandırılıb. Qusar rayon Prokurorluğundan bildirilib ki, indiyədək T. Abdullayevi tutmaq mümkün olmayıb, hazırda onun axtarışı davam etdirilir.
Qeyd edək ki, MTN-in ötən ilin sentyabrında "Əl-Qaidə" və "Əl-Cihad" kimi beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan, ərəb mənşəli, "Əbu Cəfər" ləqəbli bir nəfərin və qeyrilərinin zərərsizləşdirilməsi üçün keçirdiyi əməliyyat zamanı T. Abdullayev silahlı müqavimət göstərib, iki polisi yaralayaraq qaçmağa müvəffəq olub. Bundan sonra keçirilən əməliyyat nəticəsində qrupun 15 üzvü yaxalanıb. Fakt üzrə Cinayət Məcəlləsinin 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.