Əgər İrana qarşı hərbi müdaxilə olarsa, bunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər. Bunu SalamNews-a eksklüziv açıqlamasında Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Qafqaz və Xəzər bölgəsi üzrə siyasi şərhçisi Güner Özkan bildirib.
Onun sözlərinə görə, son vaxtlar NATO ordusunun İrana qoşun yeridəcəyi ilə bağlı məlumatlar dünya gündəmini təşkil edir. Əgər İrana hərbi müdaxilə edilərsə, əlbəttə, bunun Cənubi Qafqazda mövcud olan hadisələrə təsiri olacaq.
Siyasi şərhçi vurğulayıb ki, istənilən halda Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın maraqları mövcuddur: “Əgər bu regionda yeni münaqişələr yaranarsa və bunun bilavasitə Rusiya ilə əlaqəsi olarsa, o zaman Qarabağ münaqişəsinin həllində irəliləyiş mümkün olacaq. Çünki, hazırda Rusiya Cənubi Qafqaza nəzarəti saxlamaq üçün Qarabağ münaqişəsinin həllinə nail olmaq istəmir. Əlbəttə, 2008-ci ilin Gürcüstan hadisələrindən sonra Rusiya bu cür halların təkrarlanmasını da istəmir”.
G.Özkan söyləyib ki, bu münaqişədə tərəf olan Ermənistan Rusiyanın maraqlarını qoruyur: “Ona görə də Ermənistan münaqişənin ədalətli həllinə səy göstərmir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Qarabağ münaişəsinin yaxın illərdə həlli real görünmür”.