Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) və İslam Konfransı Gənclər Forumu birgə “Xocalıya Ədalət” kampaniyasının dəstəyi ilə fevralın 17-19-da İstanbul Taksim meydanı Taksim metrosunda Xocalı soyqırımının reallıqlarını əks etdirən fotolardan ibarət sərgi keçirəcək.
APA-nın məlumatına görə, minlərlə insana soyqırımı haqqında broşürlər və kitablar paylanacaq, həmçinin 3 gün boyunca Xocalı filmi nümayiş olunacaq.
Sərginin açılışı Türkiyə və Azərbaycan tərəfindən xüsusi dəvət edilmiş qonaqların iştirakı ilə 17 fevral saat 10:00-da baş tutacaq. Aksiyanın əsas təşəbbüskarları Türkiyədə təhsil alan azərbaycanlı gənclərdir.
Aksiya haqqında yenilənən məlumatları Facebook-da Hepimiz Hocalili və ya twitter-də @hepimizhocalili adını izləyərək əldə etmək mümkündür. Xocalı soyqırımı haqqında daha geniş məlumat üçün” Xocalıya Ədalət” ilə ASAIF rəsmi veb səhifəsi www.justiceforkhojaly.com vəya www.hepimizhocalili.com-a daxil olmaq olar.
Qeyd edək ki, bu il dəhşətli Xocalı soyqırımı faciəsindən 20 il ötür. Bu zaman ərzində hər bir azərbaycanlı bu dəhşətli hadisəni yaddaşında “qanlı yaddaş” kimi həkk edib, qorumaqdadır.