Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə işgüzar səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Nazir BƏƏ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Əl Nəhyan isə yenidən Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu qeyd edərək ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, iki ölkə arasında qarşılıqlı investisiyalar üçün əlverişli mühit olduğunu söyləyərək enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyinə diqqət çəkib.
BƏƏ xarici işlər naziri Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində Bakının səylərini tam şəkildə dəstəklədiklərini bəyan edib.