AKP və MHP-nin birgə irəli sürdüyü təklifin qəbul ediləcəyinə şübhə yoxdur
Türkiyə parlamentinin Konstitusiya komissiyası ali təhsil qurumlarında baş örtüsünə qoyulan qadağanın ləğvinə dair təklifi müzakirəyə çıxarıb. Xəbər verildiyi kimi, təklifi iqtidarda olan AKP ilə müxalifətdəki MHP birgə irəli sürüb.
İki partiya qadağanın götürülməsinin ümumi formulu üzərində anlaşma əldə ediblər. Təklifə görə, tələbələr başlarına uclarını çənələrinin altından bağlamaq şərti ilə örtü taxa bilərlər. Məlumata görə, komissiya təklifi bu gün müzakirəyə çıxaracaq. AKP və MHP-nin birgə malik olduğu yerlərin sayı Konstitusiyaya düzəliş etməyə imkan verən üçdə iki səs çoxluğunu təmin edir. Buna görə də təklifin parlamentin ümumi yığıncağında keçəcəyinə şübhə yoxdur.