İranın bəyanatının heç bir əsası yoxdur
“İranın bəyanatının heç bir əsası yoxdur”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycan xarici siyasətində, xarici ölkələrin müxtəlif təşkilatları ilə münasibətlərində qonşu ölkələrin maraqlarını daim nəzərə alır: “Azərbaycan heç bir terror təşkilatı və insanlığa qarşı hər hansı hərəkətləri olan təşkilatlarla heç bir əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bu bəyanatın heç bir əsası yoxdur. Azərbaycanı nədə günahlandırdıqları da heç bəlli deyil. Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi istənilən ölkənin vətəndaşı Azərbaycana gəlir və normal keçir, yaxud burada yaşayır. Düşünürük ki, İran dövləti hazırkı durumda qonşu ölkələrlə bir az ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir”.
Ə. Həsənov qeyd edib ki, bölgədə gədən proseslər Azərbaycana da təsir göstərir: “İranla Avropa və Amerikanın münasibətlərinin kəskinləşməsi Azərbaycana da təsir göstərəcək. Bölgədə konfliktin yaranması şübhəsiz ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə də təsirsiz ötüşməyəcək”.
Qeyd edək ki, İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti “Mossad”ın ölkə ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə və İranın nüvə fiziklərinin qətlində əli olan terrorçuların ölkəyə azad gəliş-gedişinə şərait yaratmaqda ittiham edib.