Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən SalamNews-a verilən məlumata görə, məqalədə bildirilib ki, “Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi bu ölkə ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir” və bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də XİN rəhbəri Elmar Məmmədyarovun 2011-ci ildə Meksikaya səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.
Məqalədə 2011-ci ilin noyabr və dekabr aylarında Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən söz açılıb. Vurğulanıb ki, sözügedən sənədlərə əsasən, “Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi faktı pislənilib, BMT TŞ-nın qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb olunub, həmçinin təcavüz nəticəsində 20 il əvvəl, fevral ayında Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və soyqırımın baş verdiyi qəbul edilib”.