Dünən BMT-nin xüsusi məruzəçisi Rakel Rolnik bildirib ki, İsrail "yəhudiləşdirmə siyasəti" çərçivəsində Təl-Əviv yaxınlığında yaşayan fələstinliləri və ərəb azlıqlarını bu ərazilərdən çıxarır.
"Qaliley və Neqevadan Şərqi Yerusəlim (Qüds) və İordan çayının qərb sahillərinə qədər olan ərazidən fələstinlilər və ərəb azlıqları İsrail dövlətinin apardığı siyasi xəttə uyğun olaraq çıxardılır", - Rolnik deyib.
Məruzəçi işğal olunmuş Fələstin ərazilərinə fevralda etdiyi səfərin nəticələri barədə rəyini bildirib.
SalamNews Press TV-yə istinadən xəbər verir ki, Rolnik İsrail siyasətini tənqid edərək, bu siyasi xəttin fələstinlilərin əsas hüququnu pozduğunu vurğulayıb.
"Ümumilikdə aydındır ki, İsrailin Yerusəlim və İordan çayının qərb sahillərində yaşayan fələstin əhalisinə qarşı apardığı siyasi təcrübə beynəlxalq və humanitar hüquq prinsiplərini pozur", - Rolnik deyib.
Bundan başqa, BMT nümayəndəsi Qəzza bölgəsindəki əhalinin çox çətin həyat tərzi sürdüyünü bildirib.