Türkiyə Silahlı Qüvvələrinin başçısı: "Bizim baş örtüsü məsələsində nə düşündüyümüzü bilməyən yoxdur"
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Böyükanıt Makedoniya Silahlı Qüvvələrinin Baş qərargah rəisini qəbul edərkən görüşün bir hissəsini mətbuata açıq elan edib və bu zaman universitetlərdə baş örtüsü qadağasının götürülməsi ilə bağlı müzakirələrə münasibət bildirib.
"Ölkənin gündəmində olan baş örtüsü məsələsi var. Mediada və ictimaiyyətdə bu haqda ordunun nə düşündüyünü bilmək istəyirlər. Bunu ifadə edə bilərəm ki, Türkiyə cəmiyyətinin bütün kəsimlərində ordunun baş örtüsü məsələsi ilə bağlı mövqeyinin necə olduğunu bilməyən yoxdur. Bu haqda nəsə söyləmək məlum olanı elan etməkdən o yana getməyəcək" deyə Böyükanıt bildirib.
Qeyd edək ki, silahlı qüvvələr dövlət idarələrində və təhsil müəssisələrində baş örtüsünə qarşıdır və bu məsələ dəfələrlə AKP iqtidarı ilə ordu mənsubları arasında gərginliyə də səbəb olub. Bu ilin yazında Baş Qərargahdan hökumətə ünvanlanmış sərt xəbərdarlıqda da silahlı qüvvələrin Atatürk cümhuriyyətinin təməl dəyərlərinə zidd fəaliyyətlərdən biri kimi məktəblərdən birində azyaşlı qızlara çadra ilə dini mahnılar oxudulması faktı yer alırdı. Belə görünür ki, Böyükanıt "ordunun mövqeyi məlumdur" deyəndə bu narahatlıqları xatırladıb. Lakin artıq MHP ilə AKP arasında əldə edilmiş anlaşma nəticəsində universitetlərdə baş örtüsünün sərbəst olması reallaşmaq üzrədir.
"Hürriyət" qəzeti isə yazıb ki, ABŞ-ın hər dəfə Türkiyə haqda "dünyəvi müsəlman dövləti" ifadəsi işlətməsi AKP iqtidarının xoşuna gəlmir. Adının açıqlanmasını istəməyən yüksək rütbəli Amerika diplomatı qəzetə bildirib ki, prezident Abdullah Gül ABŞ-a səfəri zamanı prezident Buşdan Türkiyə haqda danışanda "dünyəvi" ifadəsini işlətməməyi xahiş edib. Buş da bu xahişə əməl edib. Mənbə deyib ki, AKP iqtidarı narahatlığını bu ifadələrlə ABŞ rəsmilərinə çatdırıb: "Siz Avropa Birliyi ölkələrindən söhbət düşəndə "demokratik" ifadəsini işlədirsiniz. Türkiyə də AB üzvlüyünə namizəd ölkədir. Bəs nədən o zaman bizdən söz düşəndə hər dəfə "dünyəvi" ifadəsi vurğulanmalıdır?"