Azərbaycan-İran münasibətləri mehriban qonşuluq, qarşılıqlı hörmət əsasında davam etdiriləcək. Bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov İran İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə təşkil edilmiş rəsmi qəbulda deyib.
SalamNews xəbər verir ki, o, Azərbaycan Prezidenti və xalqı adından İran prezidenti və xalqını təbrik edib, iki ölkə arasında iqtisadi, ticari və digər sahələrdə əlaqələrin, o cümlədən parlamentlərarası əlaqələrin yüksək olduğunu vurğulayıb.
Tədbirdə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami İranın 33 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.
İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən qəbulda ölkəmizdə akreditə olunmuş diplomatik korpusun rəhbərləri, parlament nümayəndələri, alimlər və Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamları iştirak ediblər.