İsrail-Fələstin məsələsinin uzanmasının hesabını Türkiyə də daxil olmaqla bölgəmizin xalqı ödəyir. İsraillilər artıq nə istədiyinə qərar verməlidir.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtondakı Strateji və Beynəlxalq Çalışma Mərkəzindəki (CSIS) çıxışında bildirib.
İsrail-Fələstin sülh prosesi ilə bağlı sualı cavablandıran Ə.Davudoğlu, Yaxın Şərqdəki heç bir məsələnin Fələstin və Qüdsə istinad edilmədən anlaşılmayacağını söyləyib. O, İsrailin indiyədək nə bölgəyə, nə ABŞ-a, nə də beynəlxalq cəmiyyətə bu mövzuda müsbət ismarıc verdiyinə, yeni məskunlaşma yerlərinin inşasının davam etdiyinə və Fələstin mövzusundakı təxribat xarakterli açıqlamalarını davam etdirdiyinə diqqət çəkərək deyib: "İsrail hökumətinin üzvləri iki dövlətli həllin tərəfdarı deyil. Artıq qərar vermə zamanı çatıb. Fələstinin gələcəyi nə olacaq. Heç kim artıq mövcud status-kvonun davamını gözləyə bilməz. Fələstinlilər öz dövlətlərinə layiqdirlər. Çox açıq danışmaq istəyirəm ki, Suriya mövzusunda Rusiyanın vetosu səhv idi, Fələstinin tanınması mövzusunda da ABŞ-ın vetosu səhv idi. Bu gün hara gedirsinizsə gedin, bütün insanlıq Fələstin dövlətinin tanınmasını dəstəkləyir. Bəzi dairələr istisna olmaqla hamı Suriya xalqının tələblərini dəstəkləyir. Türkiyə olaraq Fələstinin dövlət olaraq tanınmasını dəstəkləyəcəyik. Əgər, hətta, mümkünsə, sabah, bu gün mümkünsə bu saat. Çünki bu millət öz dövlətini qurmağa layiqdir. Əgər bunun üçün bir müzakirə lazımdırsa, İsrail müzakirə etməlidir".