Dövlət Baxçalı universitetlərdə baş örtüyü qadağasının görülməsinə qarşı çıxan CHP-ni sərt təndiq etdi
Türkiyədə uzun müddət siyasi gərginlik və mübahisə predmetinə çevrilən qadınların baş örtüyü problemi qismən həllini tapıb. Bu, iqtidardakı AKP ilə müxalifətdəki MHP arasında anlaşma sayəsində baş tutub.
İki partiya universitetlərdə baş örtüyünə qoyulan qadağanın götürülməsi ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsində ümumi razılığa gəliblər. Bu razılığa görə başlarını örtən, ancaq sifətlərini açıq saxlayan və baş örtüyünü boğazın altında bağlayan tələbələr universitetlərə sərbəst daxil ola bilərlər.
Qeyd edək ki, qadağanın götürülməsi təşəbbüsü AKP-dən gəlib. Baş nazir Rəcəb Tayyib Ərdoğan çoxdandır bu problemi cəmiyyətdə uzlaşma yoluyla həll etməyə çalışacaqlarını deyirdi. Nəhayət, onun təşəbbüsünə müxalifətdən dəstək gəlib. Bir çoxlarının gözləmədiyi halda, MHP universitetlərdə baş örtüyünə qoyulan qadağaların götürülməsini dəstəkləyib və bununla bağlı öz təkliflərini irəli sürüb. AKP də öz təkliflərini verib və iki partiya bir neçə gün davam edən müzakirələrdən sonra yuxarıda sözügedən ümumi formul üzərində anlaşma əldə ediblər. Düzəliş təklifi parlamentin müzakirəsinə çıxarılıb və qəbul edilib.
Lakin baş örtüyü qadağası dövlət idarələrində çalışanlar üçün qüvvədə qalır. Doğrudur, AKP-dən bu qadağanın da götürüləcəyi haqda açıqlamalar verilib, lakin iqtidar partiyası bu məsələdə ehtiyatlı görünür. Bununla belə, ali və orta məktəblərdə qızların baş örtüyü taxmasına qoyulan qadağalar arxada qalxıb. Lakin mübahisələr səngimir. İndi yeni düzəlişlərin hərbi məktəblər üçün də keçərli olub-olmadığı müzakirə edilir. Ali məktəb rektorları isə düzəlişlərdən narahat olaraq təcili toplantı keçirməyə hazırlaşırlar. Ana müxalifət partiyası CHP isə əvvəlki kimi baş örtüyü qadağasının götürülməsini dünyəvi dövlətə təhlükə sayaraq düzəlişə qarşı çıxmaqda davam edir. CHP indi təkcə AKP-ni yox, baş örtüyü məsələsində onunla ittifaqa gedən MHP-ni də tənqid edir.
MHP başqanı Dövlət Baxçalı isə dünən bu tənqidlərə sərt reaksiya verib. Baxçalı deyib ki, CHP başqanı bu məsələdən siyasi istismar və təhrik məqsədilə istifadə etməyə çalışır. O, Türkiyənin ən iri sənaye rəhbərlərinin birləşdiyi TÜSİAD-ı da bu məsələdə tutduğu mövqeyə görə tənqid edib. MHP başqanı deyib ki, TÜSİAD PKK-nın şüarlarını və tələblərini müdafiə edən qurum halına gəlib və bu qurumun türk millətinə ağıl vermək səlahiyyəti yoxdur.