İslam Konfransı Gənclər Forumu (İKGF) Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə bu ilin martında Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri "Beyin Mərkəzləri"nin (“Think tank”) beynəlxalq toplantısını keçirməyi planlaşdırır.
Bu haqda İslam.az-a İKGF-nin Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov bildirib.
O deyib ki, İKGF-nin əsas məqsədi İƏT ölkələrinin gənclər təşkilatları ilə əməkdaşlığı genişləndirmək, gənclərin şəxsi inkişafı, təhsili, beynəlxalq əməkdaşlığı sahəsində layihələr icra etmək, müsəlman gənclərin inkişafı, cəmiyyətə inteqrasiyası sahəsində, İslamofobiyaya qarşı maarifləndirici tədbirlər sahəsində iş aparmaq, dünyada mədəniyyətlərarası sülhün əldə olunması istiqamətində genişlənən çağırışlarda müsəlman gəncliyinin səsinin gücləndirilməsi və iştirakının artırılmasına nail olmaq, biznes, turizm, iqtisadi sahələrdə layihələr həyata keçirməkdir. Bu məqsədlər çərçivəsində indiyədək onlarla layihə icra edilib, bir neçə beynəlxalq qlobal hərəkat və qurum təsis olunub. Bu layihə və qurumların bir çoxunun işi mütəmadi xarakter daşıyır və davamlıdır.
Onun sözlərinə görə, Sivilizasiyaların Alyansı uğrunda Global Gənclər Hərəkatı, Xocalıya Ədalət kampaniyası, İslam ölkələri Gənc Sahibkarlar Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatı Modeli Beynəlxalq Təhsil Proqramı kimi daimi işləyən layihə və strukturlarımız mövcuddur. Bu istiqamətlərdə qarşıdakı illərdə də işlər görüləcək.
Şura sədri vurğulayıb ki, bir neçə gün əvvəl İƏT ölkələləri Parlament İttifaqının növbəti iclasında İKGF-nun irəli sürdüyü təkliflərə uyğun olaraq, Xocalı faciəsi azərbaycanlılara qarşı genosid kimi qiymətləndirildi və İƏT ölkələrinin parlamentlərinə müvafiq qərar qəbul olunması tövsiyə olundu. Bu addım İKGF-nun Xocalıya Ədalət kampaniyası çərçivəsində uzun illərdir görülən işlərin növbəti uğuru idi. Hazırda isə qarşıdan Xocalı faciəsinin 20 illiyi gəlir və bu hadisə ilə əlaqədar da kampaniyanın bir çox ölkələrdə aksiyaları planlaşdırılır.
E.Əsgərov diqqətə çatdırıb ki, dünyada ilk dəfə keçən il məhz İKGF tərəfindən təsis olunmuş və keçirilmiş “İƏT Modeli” Beynəlxalq Təhsil Proqramının da builki hazırlıq işlərinə başlanılıb. Proqrama mart ayında hər İƏT ölkəsində ayrıca start veriləcək, iyulda isə Kazan şəhərində İƏT ölkələrindən gəlmiş gənclərin iştirakı ilə yekun vurulacaq.