Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri: “Digər ölkələr də Azərbaycan torpaqlarının işğalına və Xocalı soyqırımına biganə qalmamalı, Pakistan Senatının qətnaməsindən nümunə götürməlidir”
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının sədr müavini Mir Can Camali, Senatın xarici əlaqələr komitəsinin, informasiya və yayım komitəsinin, qaydalar və imtiyazlar komitəsinin sədrləri, hakim Xalq Partiyasının baş katibi habelə senatın digər komitələrinin nümayəndələrindən ibarət bir qrup senatorlarla görüşüb.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə, səfir D. Şikarov fevralın 1-də Senat tərəfindən Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımını ittiham edən qətnaməni qəbul etdiklərinə görə həmsöhbətlərinə minnətdarlığını bildirib. Səfir bildirib ki, Senatın prinsipiallıq göstərərək qətnaməni qəbul etməsi Pakistanın haqq-ədalət tərəfdarı olmasının əyani sübutudur. Daha sonra səfir, iki dost ölkə arasında mövcud münasibətlərdən söz açıb, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə tədbir iştirakçılarına təşəkkür edib.
Senatın sədr müavini Mir Can Camali qəbul edilmiş qətnamənin iki qardaş ölkə arasında mövcud olan münasibətlərin ruhuna cavab verdiyini və bunu özlərinə mənəvi borc bildiyini vurğulayıb. O, Pakistan və Azərbaycan arasında bütün sahələrdə geniş əməkdaşlıq edildiyini bildirib və əlaqələrin daha sürətlə inkişafının şahidi olacağını və gözəl nəticələr əldə edəcəyinə şübhəsi olmadığını bildirib. Cənab Camali Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun Pakistana səfər dəvət edildiyini bildirib, bu səfərin ölkələrimizin parlamentləri və xalqları arasında əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu vurğulanıb.
Senatın xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan Pakistanın daim Azərbaycanın yanında olduğunu və dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb. Senatın qətnaməsindən söz açan natiq, digər ölkələrin də Azərbaycan torpaqlarının işğalına və Xocalı soyqırımına biganə qalmayaraq, Pakistan Senatının qətnaməsindən nümunə götürmələrinin vacibliyini ifadə edib.
Qətnamənin təşəbbüskarlarından olan informasiya və yayım komitəsinin sədri senator Hacı Qulam Əli qəbul edilmiş qətnaməyə həm hökumət, həm də müxalifətdən olan senatorların yekdilliklə səs verməsini xüsusi qeyd edib, bunun Pakistan xalqının Azərbaycan xalqına olan qardaşlıq münasibətinin təzahürü kimi qiymətləndirib.
Senatın qaydalar və imtiyazlar komitəsinin sədri senator Tahir Hüseyn Məşədi Azərbaycanı yaxından tanıdığını qeyd edib, ölkə prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlardan və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən söz açıb.
Hakim Pakistan Xalq Partiyasının baş katibi senator Məhəmməd Cahangir Bader partiyasından olan senatorların qətnaməni tam dəstəklədiyini bildirib. O Xalq Partiyası və Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq qurmaq və qarşılıqlı səfərlər etmək zəruriliyini vurğulayıb.
Görüşdə senatorlar Xürşid Əhməd, Seid Suğra İmam, Nayyer Hüseyn, Abbas Xan Afridi çıxış edərək Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləməkdə davam edəcəyini vurğulayıblar.