Türkiyənin Avropa İttifaqı ilə münasibətlər üzrə naziri Egemen Bağış qondarma erməni soyqırımı məsələsində Türkiyə ilə Fransa arasında yaranmış tarixi mübahisəni həll etmək üçün Almaniyadan yardım istəyib. Bu barədə o, “Welt” nəşrinə müsahibəsində bildirib.
SalamNews-un “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Egemen Bağış mübahisəyə səbəb 1915-ci ildə baş vermiş hadisələrlə bağlı alman arxivlərində məlumatların mövcud olduğunu deyib və rəsmi Berlini arxivləri tarixçilər üçün açmağa çağırıb.
Xatırladaq ki, yanvarın sonlarında rəsmi Paris qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərar qəbul edib. Hazırda Fransa Konstitusiya Şurası qərarın ölkənin əsas qanunvericiliyinə uyğun olub-olmadığını nəzərdən keçirir.