Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-nin fraksiya iclasında çıxış edib. Ərdoğan, Suriyada baş verən hadisələrlə bağlı dövlət başçısı Bəşər Əsədə səslənib: "Hesab verəcəksən".
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Baş nazir Ərdoğan çıxışında deyib: "Dünya ictimaiyyəti Suriyada, Fələstində baş verən qırğınlara səssiz qalır. Çünki ölənlər müsəlmanlardır. 1982-ci ildə Hamada baş verən qətliam müsəlmanların ürəyində dərin yaralar yaratdı. O hadisələri törədənlər mühakimə olunmadı. İraqda, Misirdə, Suriyada, Liviyada öz maraqlarını müdafiə edən bu diktatorlar, işğal altındakı torpaqlarını istismar etdi. Bu gün atalarının, o fironların izi ilə gedənlər, layiq olduqları cəzanı alacaqlar, mütləq hesab verəcəklər. Hama üçün hesab verilmədi. Amma gec-tez hesabını verəcəklər. Əsəd ölənə qədər döyüşəcəyəm deyir. Madam ölənə qədər döyüşəcəksən, Colan təpələri uğrunda niyə döyüşmədin? Bu hər zalımın sığındığı bəhanədir. Məzlumun ahı mütləq özünü göstərəcək. İraqda, Misirdə, Liviyada belə oldu, Suriyada də belə olacaq. Buradan Bəşər Əsədə bir daha səslənirəm: Ey Əsəd, daha çox qan tökmədən bu yoldan geri dön!".