Hazırda iğtişaşların davam etdiyi Suriyada 35-40 Azərbaycan vətəndaşı qalmaqdadır.
Bu barədə APA-ya Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər diplomatik missiya öz fəaliyyətini adi rejimdə davam etdirir.
“Təhlükəsizliklə bağlı heç bir problem yaranmayıb. İlk əvvəl səfirliyin konsulluq şöbəsində 100-dək Azərbaycan vətəndaşı qeydiyyatda idi. Onların əksəriyyəti artıq ölkəni tərk edib. Hazırda burada qalan 35-40 Azərbaycan vətəndaşının əksəriyyəti Suriya universitetlərində təhsil alan tələbələrdir. Onlar bura dövlət xətti ilə deyil, öz imkanları hesabına təhsil almağa gəliblər. Biz soydaşlarımızla mütəmadi əlaqə saxlayırıq”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Suriyadakı səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlı tələbələrə ölkədə yaranmış vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyub vətənə qayıtmağı tövsiyə ediblər.
Qeyd edək ki, artıq bir sıra ölkələrin, o cümlədən ABŞ-ın Suriyadakı səfirliyi ölkədəki durumla əlaqədar fəaliyyətini dayandırıb.