“Natali Qulenin rəhbərliyi ilə Fransa Senatının nümayəndə heyətinin Azərbaycana səfəri, məcburi köçkünlərlə görüşmələri, Senatda qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə səs vermələri onu göstərir ki, Fransa Senatında qəbul edilmiş qərar fransız xalqının mövqeyi deyil”.
APA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Fransa Senatının üzvləri ilə görüşdə bildirib. O qeyd edib ki, Fransa Senatında qəbul edilən qərar erməni diasporunun vəsaiti hesabına satın alınmış bir qrup senatorun mövqeyidir: “ Fransada bu addımı atanlar erməni diasporunun təsiri altındadırlar”.
Senator Natali Qule isə bildirib ki, fransız senatorların Azərbaycana gəlişi Senatda məlum qanun qəbul edilməmişdən əvvəl planlaşdırılıb: “Fransa həmişə məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının tərəfdarı olub. Qaçqın və məcburi köçkünlərin məruz qaldıqları faciə Azərbaycana imkan verir ki, belə mövqe tutasınız. Amma inanıram ki, Azərbaycan bu məsələdə emosiyalara qapılmayacaq. Azərbaycana gəlişimizin məqsədi ölkənizlə yaxından tanış olmaq və buradakı həqiqətləri ölkəmizə çatdırmaqdır”.
Qeyd edək ki, Fransa Senatının nümayəndələri bu gün səhər Sabunçu rayonu Ramana qəsəbəsində və Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşüblər.