Sürixdə "erməni soyqırımı yoxdur" deyən Türkiyənin Avropa İttifaqı (Aİ) işləri üzrə naziri Egemen Bağış haqqında istintaq işi başladılıb.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi məlumata görə, Sürix Prokurorluğu, ötən həftə "erməni soyqırımı yoxdur, gəlib məni həbs etsinlər" deyən Egemen Bağış haqqında istintaq başladıb.
Sürix dövlət prokuroru Kristin Braunşveg "Doğan" xəbər agentliyinə verdiyi açıqlamada bu məlumatı təsdiqləyərək bunları söyləyib: "Keçən həftə İsveçrənin erməni icması prokurorluğa bu mövzu ilə əlaqədar şikayət ərizəsi göndərib. Prokurorluq bununla bağlı istintaq başladıb. İndi Egemen Bağışın bu sözləri söyləyib-söyləmədiyi araşdırılacaq. Onun diplomatik toxunulmazlığı olub-olmadığına baxacağıq. Əgər qanuna zidd hərəkət aşkarlansa və diplomatik toxunulmazlığı yoxdursa, haqqında ittihamnamə irəli sürəcəyik".
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik iclasından sonra Sürixdə açıqlama verən Bağış, Fransada qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini və İsveçrədə də illər öncə bənzər qərarın qəbul edildiyini xatırladan jurnalistə deyib: "Baxın, mən indi İsveçrədəyəm. 1915-ci il hadisələri olmayıb, soyqırım yoxdur!" deyirəm. Budur meydan, istəyən gəlsin məni həbs etsin".