Amerikalı analitik: “Fransa Senatının qəbul etdiyi qanun layihəsi gələcəkdə acı nəticələrə gətirib çıxara bilər”
“Azərbaycanın bu qanuna yanaşması kifayət qədər konstruktivdir”
“Fransa Senatında qəbul olunmuş “erməni soyqırımı” ilə bağlı qanun layihəsinə Azərbaycanın yanaşması konstruktivdir”. Bu açıqlamanı APA-nın ABŞ müxbirinə ABŞ-ın Alman Marşal Fondunun Transatlantik Akademiyasının əməkdaşı Coşua Uolker (Joshua W. Walker) verib.
Onun fikrincə, bu məsələdə sözsüz ki, Türkiyə və Azərbaycan birgə hərəkət etməlidir: “Ermənistanla münasibətlərə gəlincə, Ankara və Bakının maraqları fərqlənir, buna baxmayaraq qəribə də olsa, erməni lobbisi onları bir araya gətirir, bu isə İrəvanın maraqlarına tamamilə ziddir”.
Analitik hesab edir ki, Fransa Senatının qəbul etdiyi qanun layihəsi gələcəkdə acı nəticələrə gətirib çıxara bilər: “Fransa-Türkiyə münasibətlərinin misalında gördüyümüz kimi, hər demokratiyanın öz hiylələri var və xüsusilə də, hər yerdə lobbilərin dar maraqlarının mənfi nəticələri var. Fransanın Minsk Qrupunun və NATO-nun üzvü olan Türkiyə ilə və böyük 20-lik ölkələrin müttəfiqləri ilə maraqlarındakı oxşarlıqlara diqqət yetirmək əvəzinə “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi hər kəsin maraqlarına zərbə vurdu”.
Fransa Senatının “soyqırım”la bağlı qəbul etdiyi qanun layihəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mümkün təsiri barədə danışan Coşua Uolker qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, Fransa Senatının qəbul etdiyi qanun layihəsi bu münaqişəyə təsir etməyəcək: “Məhz ona görə ki, bu münaqişə təkcə keçmişin deyil, həm də hazırkı reallığın problemidir. Nəticə etibarı ilə Ankaranın Bakı və İrəvanla bağlı hesablamalarının və beynəlxalq və regional toqquşan maraqların təsiri Parisdə qəbul olunan hər hansı qanundan daha çox olacaq”.
Analitik həmçinin hesab edir ki, Ankara, Bakı və İrəvanda baş verən yerli və regional siyasi reallıqlar səbəbindən Ermənistan-Türkiyə yaxınlaşması prosesi demək olar ki, 2009-cu ildə protokolların imzalanmasından başlayaraq uğursuz olub.
“Diqqəti etimad şəraitində müsbət gündəmdə cəmləşdirmək əvəzinə, təəssüf ki, biz yalnız mənfi hallar və qeyri-səmimiliyin şahidi olduq. Məncə Ermənistan-Türkiyə yaxınlaşması hər kəsin uzaq maraqlarındadır, qısa müddət üçün olan nəticələr, Türkiyə ilə bağlı tarixi məsələlər və Azərbaycanla hazırkı dondurulmuş münaqişə məni həqiqi barışığın mümkünlüyü ilə bağlı pessimist düşünməyə vadar edir”.
Uolkerin sözlərinə görə, ABŞ əlindən gələni edib və diqqətini daha obyektiv və balanslaşdırılmış vasitəçiliyə yönəltməsinə ehtiyac var:
“Ermənistan prezidenti Los-Anceles və Bostona səfəri zamanı barışıq prosesi ilə bağlı öz ölkəsində olduğundan daha kəskin tənqidlə qarşılaşmışdı, bu da bütün prosesin nə qədər asimmetrik olduğunu göstərir. Aralarındakı fikir ayrılıqlarını dolayısı ilə deyil, birbaşa həll edə bilməsi üçün Ermənistan və Türkiyənin barışmasına kömək etmək Amerikanın uzunmüddətli marağındadır”.
O vurğulayıb ki, Avropa Birliyinə namizəd ölkə kimi Türkiyəyə münasibət heç vaxt hər hansı başqa ölkəyə olan münasibət kimi olmayıb: “Buna baxmayaraq bu, Avropa strukturuna inteqrasiya edən digər bir müsəlman ölkəsi olan Albaniya, xüsusilə Azərbaycan kimi dinə tolerant münasibət bəsləyən ölkə üçün ümidverici misaldır. Türkiyə çox mühafizəkar və dini ölkədir, bu ölkə dünyada müsəlmanların lideri və sözçüsü rolunu oynayır, Azərbaycanın isə burada rolu daha azdır, buna baxmayaraq Avropadan baxdıqda onlar eyni kateqoriyada görünürlər. Ona görə də, Türkiyə Avropa ilə nə qədər çox qaynayıb-qarışsa, bu Azərbaycanın da qələbəsi olacaq. Beləliklə istər “Eurovision”da, istərsə də Avropa Birliyində onların taleləri həmişə bir-biri ilə bağlı olacaq”.