Bu gün, fevralın 5-də Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədr müavini xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Natali Qule ilə yanaşı Azərbaycana xoş münasibət bəsləyən daha 5 senator - Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Bu onların Azərbaycana ilk səfəridir.
Diasporla İş Üzrə Dövlət Komitəsinin dəvəti əsasında xanım Natali Qule tərəfindən uzun müddət öncə planlaşdırılmış bu səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirərək, Azərbaycan və Fransa arasındakı aktual ikitərəfli məsələləri müzakirə edəcək, habelə məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqəyə baş çəkəcək.
Xatırladaq ki, nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun"a qarşı səs vermiş senatorlardır.
Fransa Senatı nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri fevralın 10-da başa çatacaq.