Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Qəzzaya göndərilən 1.5 milyon dollarlıq dərmanı daşıyan gəmi İsrailin "Aşdod" limanına yaxınlaşıb.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, bununla bağlı açıqlama verən Baş nazirin müavini Bəkir Bozdağ deyib: "Biz dərmanın göndərilməsi üçün çox çalışdıq. İnsanları yalnız bomba ilə, silahla öldürmək olmur. İsrail silahla edə bilmədiklərini, Qəzzənin qidasını, dərmanını kəsərək həyata keçirir".
Dərmanın göndərilməsi ilə bağlı proses oktyabr ayında başladılıb. Gəminin göndərilməsi üçün İsrailin Müdafiə Nazirliyindən icazə alınıb. Üç ay müzakirələr aparılıb. Ankara bu vaxt ərzində Dünya Sağlamlıq Təşkilatını də prosesə cəlb edib. Nəhayət, İsrail, 9 konteyner dərman daşıyan gəminin "Aşdod" limanına yaxınlaşmasına icazə verib.