Qərb ölkələri Suriyaya təcavüz etmək niyyətində deyillər, sadəcə, BMT TŞ vasitəsi ilə ƏDL-in sülh nizamlanmasına dair planını dəstəkləmək fikrindədirlər. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib
Çərşənbə günü Dövlət Departamentində keçirilən brifinqində Nuland bildirib ki, Britaniya və Fransa daxil olmaqla, bir çox xarici işlər nazirləri BMT TŞ-də çıxışları zamanı və KİV üçün bəyanatlarında dəqiq bildiriblər ki, bu (Suriya ətrafındakı vəziyyət - SalamNews) Liviya deyil: "Biz xarici müdaxilə planlaşdırmırıq, bu Suriya xalqının istəyi deyil. Biz Suriya cəmiyyətinin nümayəndələri arasında dialoq yaradılmasını və demokratiyaya keçidi nəzərdə tutan ƏDL planına dəstək olmağa çalışırıq”.
SalamNews "Vzqlyad"a istinadən xəbər verir ki, hazırda BMT TŞ-də Suriya üzrə Rusiya və Mərakeşə aid iki qətnamə layihəsi mövcuddur.
Ekspertlər qeyd edirlər ki, Mərakeş planı faktiki olaraq Fransa tərəfindən hazırlanıb.
Təqdim olunan sənəddə Suriyaya hərbi müdaxilə də istisna olunmur. Bundan əlavə, Dəməşq tərəfindən qətiyyətlə rədd olunan ƏDL-in təkliflər paketi də dəstəklənir. Plan həmçinin Suriya Prezidenti Bəşər Əsədin istefasını da nəzərdə tutur. Rusiyanın fikrincə, hansısa ölkənin rəhbərliyinə istefaya getməsini əmr etmək olmaz.