Fələstinli nümayişçilər BMT baş katibi Pan Gi Munun da olduğu avtomobil karvanını ayaqqabı və daş atəşinə tutublar. Hadisə avtomobil karvanının Fələstin ərazisinə yaxınlaşdığı vaxt baş verib.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bununla nümayişçilər Pan Gi Munun səfər zamanı yaxınları İsrail həbsxanalarında olan ailələrlə görüşməməsinə etirazlarını bildiriblər.
Xatırladaq ki, yanvarın 31-də BMT baş katibinin Yaxın Şərqə üç günlük turnesi başlayıb. İlk olaraq o, yanvar ayında İordaniyanın vasitəçiliyi ilə İsrail-Fələstin danışıqlarının baş tutduğu Əmmana səfər edib. Daha sonra onun Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasla görüşü nəzərdə tutulmuşdu. Bu gün isə Pan Gi Mun humanitar vəziyyəti qiymətləndirmək üçün Qəzza zolağına səfər edib.