Misir Futbol Federasiyasının rəhbəri Samir Zahir Port-Səid şəhərində keçirilən olan oyundan sonrakı iğtişaşla əlaqədar olaraq milli çempionatı qeyri-müəyyən müddətə dayandırıb.
Yerli «Əl-Masri» və Qahirənin «Əl-Əhli» komandalarının görüşündən sonra baş vermiş iğtişaşlar zamanı 74 nəfər həlak olub. Yerli komandanın 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, yerli azarkeşlər oyundan sonra qonaqların dəstək qrupuna, daha sonra isə məşqçi heyəti və oyunçularına hücum ediblər. İlkin məlumatlara görə, qarşıdurmaya səbəb fasilə zamanı qonaq komandanın azarkeşlərinin qaldırdıqları təhqiredici plakat olub. Ümumilikdə stadionda təxminən 40 min azarkeş olub. Azarkeşlər «Əl-Əhli» komandasının oyunçularını portuqaliyalı baş məşqçi Manuel Jozeni döyüblər. Təhlükəsizlik qüvvələri «Əl-Əhli»nin baş məşqçini meydançadan çıxara biliblər. Klubun sahibi Həsən Həmdi isə qaçmaqla canını azarkeşlərin əlindən qurtarıb. Şahidlərin sözlərinə görə, həlak olanların çoxu Qahirə komandasının azarkeşləridir. Port-Səiddə həkimlər əhaliyə müraciət edərək onları qan verməyə çağırıblar.
Şəhər hökuməti «Əl-Əhli» azarkeşlərinin stadiondan milli təhlükəsizlik xidmətinin maşınlarında dəmiryolu vağzalına çatdırılması barədə qərar qəbul edib. Oradan Misir dəmir yolları idarəsi insanların Qahirəyə aparılması üçün xüsusi qatar təşkil edib. Bundan əlavə ölkəni idarə edən Silahlı qüvvələrin Ali şurası «Əl-Əhli» komandasının üzvlərinin, azarkeşlərinin və zərərçəkmişlərin nəqli üçün 2 hərbi təyyarə ayırıb.
Misir baş prokurorluğu artıq iğtişaşla bağlı istintaqa başlayıb. Bu gün baş verənləri müzakirə etmək üçün Misir parlamentinin aşağı palatası növbədənkənar iclasına yığışacaq.
Artıq hadisələri törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb. Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.
Bu arada «Əl-Masri» klubunun rəhbərliyinin tam heyətdə istefa verdiyi bildirilir.
Qahirədə isə Port-Səiddəki iğtişaşlarla bağlı «Az-Zamalek» və «Əl-İsmaili» komandalarının görüşünün dayandırılmasına etiraz edən azarkeşlər stadionu yandırıblar. Yanğın söndürülüb. Xəsarət alan yoxdur.
Silahlı qüvvələrin Ali şurası Port-Səid əyalətinin valisi Məhəmməd Abdullanı istefaya göndərib. Bundan əlavə əyalətin təhlükəsizlik idarəsinin rəisi də vəzifədən çıxarılıb. Ali şura hesab edir ki, görüş zamanı təhlükəsizlik məsələlərinə lazımi diqqət yetirilməyib.